KTMT ölkələri İrəvanda terrorçuluqla mübarizəni müzakirə edəcəklər

KTMT ölkələri İrəvanda terrorçuluqla mübarizəni müzakirə edəcəklər
# 08 iyun 2016 05:19 (UTC +04:00)

Bakı-APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri bu gün Ermənistanın paytaxtı İrəvanda Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin iclasını keçirəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təşkilatın saytında dərc olunan məlumata əsasən, iclasda terrorçuluqla mübarizə məsələsi müzakirə olunacaq.

“İclasda təşkilatın baş katibi Nikolay Bordyuja KTMT ölkələrinin kollektiv təhlükəsizlik sisteminin inkişafına dair əlavə tədbirlər barədə məruzə ilə çıxış edəcək. KTMT Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin təşkilata üzv olan ölkələrdə terrorçu və ekstremist elan edilən təşkilatların siyahısına dair Qərarı nəzərdən keçirəcəklər”, - deyə məlumatda qeyd olunur.

İclas iştirakçıları 2025-ci ilədək dövrü əhatə edəcək kollektiv təhlükəsizlik strategiyasının hazırda davam edən razılaşdırılmasının gedişatını və KTMT ölkələrinin baş narkoloqlarının koordinasiya şurasının fəaliyyətini müzakirə edəcəklər.

İclasda həmçinin KTMT ölkələrinin nümayəndələrinin 2016-cı ilin ikinci yarısı üçün xarici siyasət, təhlükəsizlik və müdafiə məsələlərinə dair məsləhətləşmələr planı müzakirə olunacaq.

KTMT-yə üzv olan ölkələr Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR