AMEA nəzdində Multikulturalizm problemləri üzrə virtual mərkəz təsis edilib

AMEA nəzdində Multikulturalizm problemləri üzrə virtual mərkəz təsis edilib
# 27 yanvar 2016 13:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Təsadüfi deyil ki, separatçılara dəstək verməyən, onlara qoşulmayan Azərbaycan erməniləri Azərbaycanı öz vətənləri hesab edirlər. Ümumilikdə ölkədə yaşayan xalqlar və etnik qruplar Azərbaycanı özlərinin ortaq vətənlərinə çevirə biliblər”.

APA-nın xəbərinə görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda elmi məruzə ilə çıxışı zamanı deyib.

Dövlət müşaviri qeyd edib ki, multukulturalizmin alternativi yoxdur: “Hər bir ölkə öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla bərabər, multikultural təhlükəsizliyini də təmin etməlidir”.

K. Abdullayev Beynəlxalq Multikulturalizm Mərkəzi və AMEA-nın dəstəyi ilə çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” əsərləri haqda məlumat verib.

Daha sonra AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzinin təsis edilməsi haqda qərar qəbul edilib. Bu il AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Bilik Fondunun iştirakı ilə “Dünya multikulturalizm modelləri” mövzusunda lektoriya təşkil olunacaq. Eyni zamanda, BBMM, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyası” hazırlanacaq. Bundan başqa, AMEA-da fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mövzularının verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR