Xanlar Vəliyev: “Ermənilərin kimyəvi silahdan istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”

Xanlar Vəliyev: “Ermənilərin kimyəvi silahdan istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir”
# 26 iyul 2016 13:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprel döyüşlərində ermənilərin kimyəvi silahdan istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı avam etdirilir.

APA-nın məlumatına görə, bu barə respublikanın hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirilən geniş kollegiya iclasında bildirib. O, qeyd edib ki, aprel ayında qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.4, 29,120.2.7, 29,120.2.12, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib və döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların meyitləri müayinə olunub. İstintaq qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək müxtəlif dərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların məhkəmə-tibbi müayinədən keçirilməsi, onların zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmələri, müvafiq olaraq məhkəmə-tibbi, kompleks məhkəmə ballistik və digər ekspertizalar təyin edərək icraya yönəldilməsi vaxtında tam təmin olunub.

X. Vəliyev beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutulduğu zaman yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı qadağan olunmuş mərmilərdən istifadə olunduğunu bildirərək qeyd edib ki, Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunub və həmin mərmi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mayın 11-də müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.

Respublika Hərbi Prokurorluğunda aparılan araşdırma ilə müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il “Müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyası”nı və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, “Adi silahların konkret növləri haqqında Konvensiya”nın III (1980-ci il), eləcə də “Kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair” BMT-nin 1992-ci il 30 noyabr tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozub.

X. Vəliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilməklə, iş üzrə hadisə yeri mütəxəssislərin iştirakı ilə əlavə müayinə edilmiş və çoxsaylı ekspertizalar təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR