Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 12%-dən çox azalıb

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 12%-dən çox azalıb
# 09 avqust 2016 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin iyul ayının 1-nə 18 434,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1 854,3 mln. manat və ya 9,14% azdır.

Həmişə olduğu kimi, kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, iyunda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 911,9 mln. manat və ya ümumi həcminin 37,5%-ni təşkil edir. Son 1 ildə ölkədə istehlak kreditləşməsi 972,7 mln. manat və ya 12,34% azalıb. May ayı ilə müqayisədə iyunda ev təsərrüfatlarına verilən kreditlərin həcmi 20,8 mln. manat və ya 0,3% azalıb. Ümumiyyətlə, statistikaya nəzər salanda məlum olur ki, bu ilin əvvəlindən banklar istehlak kreditləşməsini azaltmağa başlayıb. Buna Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərarının səbəb olduğu aydındır.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 14,5%-lik payla “Ticarət və xidmət”, 14,2%-lik payla “İnşaat və əmlak”, 7,2%-lik payla sənaye və istehsal, 6,9%-lik payla nəqliyyat və rabitə, 2,3%-lik payla kənd təsərrüfatı və emal, 2,1%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR