Gəncədə 62 kurqan aşkarlanıb - FOTOSESSİYA

Gəncədə 62 kurqan aşkarlanıb - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyun 2015 09:00 (UTC +04:00)

Bakı-APA. May ayının sonlarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən məlumata görə, İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi qısa müddət ərzində Gəncədə mövcud arxeoloji abidələrin elektron qeydiyyata alınması və xəritələşməsi işindən ibarət olub.

Gəncədə aparılmış arxeoloji kəşfiyyat tədqiqatları 300 kv.km-dək ərazini əhatə edib. “Google Earth” proqramı vasitəsilə şəhərin ərazisi təhlil edilib və əraziyə baxış keçirilən zamanı aşkarlanan yeni arxeoloji abidələrin GPS koordinatları götürülüb. Şəhərdə yeni aşkarlanan arxeoloji abidələr əsasən, kurqan tipli qəbir abidələrindən ibarətdir. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə tapılan 62 kurqan tipli qəbir abidəsi qeydiyyata alınıb və xəritəyə salınıb.

Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olması ehtimal edilir. Elmi dövriyyəyə “Gəncə kurqanları” kimi daxil edilmiş abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdir. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılıb. Ekspedisiya üzvlərinin yekdil rəyinə görə, bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılması zəruridir.

Eyni zamanda ekspedisiya üzvləri Samux rayonu ərazisində yerləşən və Cənubi Qafqazda ərazisinə görə ən böyük şəhər yerlərindən biri olması ehtimal edilən Şəhərburnu abidəsinə də baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR