Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb
# 12 may 2015 08:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin mayın 1-ə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən xəbər görə, cari ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92% artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 810 275 nəfər) kişi, 40,9%-i (1 252 892 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,74%-ni (757 931 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,73%-ni (665 662 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,77%-ni (636 352 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16%-ni (648 085 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,60%-ni (355 137 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Qeyd edək ki, fərdi uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR