Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi bir neçə ölkənin miqrasiya xidmətinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi bir neçə ölkənin miqrasiya xidmətinin rəhbər şəxsləri ilə görüşüb
# 06 mart 2015 16:13 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasiminin iştirakçıları ilə görüşüb.

APA-nın məlumatına görə, Xidmət rəisi qloballaşan dünyada miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədi ilə görülən işlərdən danışıb.

F. Nəbiyev Azərbaycanda miqrasiya ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradılması və normativ-hüquqi sənədlərin tətbiqi, qanuni miqrasiyanın idarə olunması və qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə sahəsindəki yeniliklərdən bəhs edib. O qeyd edib ki, son illər prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli inkişafı ilə əlaqədar olaraq miqrasiya proseslərinin intensiv xarakterinə və miqrant axınının əvvəlki illərə nisbətən artmasına baxmayaraq, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Dövlət Miqrasiya Xidməti müsbət nəticələrə nail olub. Bu uğurların qazanılmasında beynəlxalq təcrübənin öyrənilməsinin, konkret olaraq Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsinə daha bir töhfə olan 2013-cü ildən başlamış və bu gün bağlanış mərasimi keçirilən Tvinninq layihəsinin əhəmiyyətinə diqqət çəkib.

Layihənin tərəfdaş ölkələrdən olan nümayəndə heyətinin üzvləri Azərbaycanla bu əməkdaşlıqdan razı qaldıqlarını, Tvinninq layihəsinin çox yüksək nəticələrlə yekunlaşdığını, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının layihənin hər bir komponenti üzrə fəallıqlarını məmnunluqla ifadə ediblər.

Layihənin müvəffəqiyyətlə həyata keçirilməsindəki xidmətlərinə görə Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas, Latviya Respublikasının Vətəndaşlıq və miqrasiya məsələləri idarə rəisinin müavini Janis Citskovskis, Rumınyanın İmmiqirasiya üzrə Baş Müfəttişliyinin idarə rəisi Oktavian Predesku və daimi Tvinninq müşaviri Timoteüs Henrikus Langemeicer fəxri fərmanla təltif olunublar.

Xatırladaq ki, bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkil etdiyi “Dövlət Miqrasiya Xidmətinin işçi heyətinin professional bacarıqlarının artırılmasına dəstək” adlı Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR