Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib

Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib
# 23 may 2015 16:48 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. I Avropa Oyunlarının məşəli Balakəndən sonra Zaqatalaya gətirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Balakəndən sonra bu gün saat 18:30 rədələrində Zaqatala rayonuna gətirilib.

Mərasimi izləmək üçün minlərlə sakin küçələrə axışıb.

Zaqatalada Bayraq Meydanında karate idman növü üzrə Avropa və beynəlxalq yarışların mükafatçısı Təbriz Balaxanov qəbul edilən məşəl şəhərin Heydər Əliyev prospekti, Dədə Qorqud küçəsi, 28 may, Üzeyir Hacıbəyov və Sülh küçələri ilə hərəkət etməklə, ümumilikdə 2650 metr məsafə qət edərək Zaqatala Qalası ərazisinə gətirilib. Məşəl estafetini daşımaq üçün rayonun 11 fəal gənci seçilib. Cüdo idman növü üzrə dəfələrlə Azərbaycan çempionu Ariz Məmmədov tərəfindən alovlandırılan çıraq Birinci Avropa oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev muzeyinə təhvil verilib.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Minlərlə sakin tərəfindən canlı olaraq izlənilən məşəl estafeti tədbiri Rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə gecə saatlarına qədər davam edəcək.

Yarışın rəmzi Zaqataladan sonra Qax rayonuna yola salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR