Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaq mərkəzə rəhbər təyin olunub

Azərbaycanda insan ömrünün uzadılması ilə məşğul olacaq mərkəzə rəhbər təyin olunub
# 15 aprel 2015 14:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinə professor Oqtay Qasımov rəhbər təyin olunub.

Bu barədə APA-ya məlumat verən O. Qasımov bildirib ki, o, bu gün AMEA Rəyasət Heyətinin iclasında bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması 2013-cü ilin noyabrında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan Nobel mükafatı laureatı Corc Smut tərəfindən irəli sürülüb. Forum zamanı Fizika İnstitutunun fəaliyyəti, nailiyyətləri və potensialı ilə tanış olan C. Smut AMEA prezidenti, akademik Akif Əlizadəyə Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib.

Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək. Mərkəzin iki mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələnin müddəti 2 il, ikinci mərhələnin müddəti isə 3 il nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR