Dünya Skaut forumunun iştirakçıları Binəqədi rayonunda olublar

Dünya Skaut forumunun iştirakçıları Binəqədi rayonunda olublar
# 15 avqust 2017 08:51 (UTC +04:00)

Dünya Skaut Komitəsinin Bakıda keçirilən 41-ci konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun iştirakçıları Binəqədi rayonunun qonağı oldular.

Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Skautlar Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbir təşkil olunub, skautların asudə vaxtlarını səmərəli şəkildə təşkil etmək üçün müvafiq şərait yaradılıb.

Təşkil olunan düşərgədə qonaqları Binəqədi rayonunun fəal gəncləri qarşılayaraq onlara rayonun adından xatirə hədiyyələri təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevral ayında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.

Qeyd olunub ki, 14-18 avqust 2017-ci ildə Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 41-ci Dünya Skaut Konfransı keçirilir. Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar iştirak edir.

2000-ci ildən etibarən Dünya Skaut Hərəkatı Təşkilatında ölkəmizi Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR