Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər layihəsi həyata keçirilir

Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər layihəsi həyata keçirilir
# 26 noyabr 2014 20:31 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Belçika Krallığının Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər layihəsi”-nə uyğun olaraq Belçikanın Lommel şəhərinin bir qrup şirkət rəhbəri İmişlidə emal, kənd təsərrüfatı və sənaye müəssisələrinin açılması ilə bağlı layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətinə “Soltech” şirkətinin prezidenti Mişel Kalemari, şirkətin vitse-prezidenti Jiromi Djiadi, “Ducatt” şirkətinin prezidenti Roel Bollen, “Scherjon” şirkətinin baş direktoru Douve Oberman, Belçikanın sabiq İqtisadiyyat Naziri Ronni Vanhuf daxildir. İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son illər rayonun siması xeyli dəyişib, yeni parklar və yaşıllıqlar salınıb, əhalinin istirahəti üçün lazımi zəruri şərait yaradılıb.

Qonaqlar, öz növbəsində, İmişli rayonunda yeni istehsal müəssisələri yaratmaq təkliflilərini irəli sürüblər. Sonra onlar İmişli rayonunda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrində olublar. Əvvəlcə qonaqlar şərab zavodunda olub, burada istehsal edilən şərab məhsulları ilə tanış olublar. Məlumat verilib ki, zavod yerli meyvə sortlarından müxtəlif növ şirələr və şərablar hazırlayır. Qonaqlar zavodun məhsullarının gələcəkdə Belçika krallığına idxal edilməsi barədə ilkin razılığa gəliblər. Sonra nümayəndələr İmişli Şəkər zavodunda məhsulun emalı ilə tanış olublar. Belçikalılar İmişli broyler zavodunda da olub, iş prosesi ilə maraqlanıblar. Qonaqlar həmçinin rayonda gələcəkdə pendir zavodunun, eləcə də cins mal-qara növlərinin gətirilməsi barədə də fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR