Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 17 noyabr 2014 07:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) noyabrın 19-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında təşkil olunacaq.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən sentyabrın 17-dən noyabrın 14-dək aparılıb. İmtahanda iştirak etmək üçün 465 namizəd qeydiyyatdan keçib. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17 və 18 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.

İmtahan 3 saat davam edir və nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunur: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR