Firəngiz Əlizadə Beynəlxalq Müsabiqənin Münsiflər Heyətinə sədrlik edib

Firəngiz Əlizadə Beynəlxalq Müsabiqənin Münsiflər Heyətinə sədrlik edib
# 25 sentyabr 2014 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə məşhur rus bəstəkarı Andrey Petrovun adını daşıyan Bəstəkarların VIII Beynəlxalq Müsabiqəsində münsiflər heyətinə sədrlik edib.

İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti baş tutub: “Belə məşhur, beynəlxalq miqyaslı müsabiqənin Münsiflər Heyətinə azərbaycanlı bəstəkarın rəhbərlik etməsi ilk hadisədir. Azərbaycan musiqi ictimaiyyəti üçün bu müsabiqənin əlamətdarlığının başlıca səbəbi müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolski, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoli Korolyov, Valeri Platonov, Aleksandr Popov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etməsidir. Firəngiz Əlizadəyə belə bir möhtəşəm layihədə bu cür etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür. Bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulmuş, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiyanın o cümlədən Belarus, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən simfonik orkestr üçün nəzərdə tutulmuş 187 əsər təqdim olunmuşdu ki, bunlardan 140-ı ikinci mərhələyə, 6-sı isə final mərhələsinə vəsiqə qazanıb. Bu rəqəmlər və adları sadalanan ölkələr müsabiqənin dünya musiqi ictimaiyyəti arasında populyarlığının göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR