Şəmkirdə Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının IV iclası keçirilib - FOTO

Şəmkirdə Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının IV iclası keçirilib - <span style="color: red;">FOTO
# 22 oktyabr 2014 06:55 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bu gün Şəmkirdə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə iclasda çıxış edən vergilər naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fazil Məmmədov Hökumətlərarası Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, 2014-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 mln. ABŞ dollarına çatdığını bildirib.

Hökumətlərarası Komissiyanın son iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən Fazil Məmmədov qeyd edib ki, bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı səfərlər, görüşlər, tədbirlər keçirilib, ikitərəfli əlaqələr genişlənib. Xüsusilə, gənclər və idman, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlıq daha intensiv inkişaf edib. Hər iki ölkənin gənclərinin qarşılıqlı səfərləri təşkil edilmiş, müxtəlif sərgilər keçirilib. Litvalı ekspertlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanın turizm potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsində yaxından iştirak etmiş, turizm zonalarının yaradılması və idarə olunmasına dair təcrübənin öyrənilməsi ilə əlaqədar geniş təcrübə mübadiləsi aparılıb.

F. Məmmədov ölkələrimiz arasında çoxtərəfli formatda da münasibətlərin yüksək səviyyədə olduğunu bildirmiş, məhz Litvanın Avropa Şurasında sədrliyi dövründə, yəni 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanmasının mühüm bir hadisə olduğunu qeyd edib.

Daha sonra Komissiyanın Litva tərəfdən həmsədri, bu ölkənin xarici işlər naziri Linas Linkeviçius ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət dəyərləndirib. Litva və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayan nazir iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin, digər sahələrdə də ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu bildirib.

Sonra Komissiya gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparmış, komissiyanın üzvləri müvafiq təqdimatlarla çıxış edib. Tərəflər hər iki ölkənin iqtisadi vəziyyəti və ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparıb.

İclasın sonunda Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi F. Məmmədov və L. Linkeviçius imzalayıb.

İclas çərçivəsində VIII Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Forumu açan F. Məmmədov forum iştirakçılarına Azərbaycandakı investisiya mühiti barədə məlumat vermiş, ölkəmizdə makroiqtisadi sabitliyin mövcud olduğunu, iqtisadiyyatın davamlı inkişaf etdiyini, yaradılan əlverişli biznes mühitinin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib.

F. Məmmədov qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini və bu sahədəki mövcud potensialı nəzərə alaraq, biznes-forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

L. Linkeviçius belə biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini alqışlayaraq bildirib ki, coğrafi baxımdan ölkələrimiz arasında məsafə kifayət qədər böyük olsa da, bu, əməkdaşlığa mane olmur və yeni-yeni tərəfdaşlıq sazişlərinin əldə olunması tərəflərin qarşılıqlı investisiyalarda maraqlı olduğunun göstəricisidir. İnformasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğunu vurğulayan L. Linkeviçius qeyd edib ki, Litva-Azərbaycan Hökumətlərarası Komissiyası ikitərəfli əlaqələrin inkişafında və hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli bir alətə çevrilə bilib.

Biznes forumda Azərbaycanın və Litvanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verilmiş, müxtəlif layihələrin təqdimatları keçirilib.

Forum iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR