Hikmət Hacıyev: “Gevorkyan ailəsinin Ermənistan xüsusi xidmət orqanlarının işgəncələri nəticəsində ifadə verdikləri açıq görünür”

Hikmət Hacıyev: “Gevorkyan ailəsinin Ermənistan xüsusi xidmət orqanlarının işgəncələri nəticəsində ifadə verdikləri açıq görünür”
# 15 dekabr 2014 12:56 (UTC +04:00)

Bakı – APA. “Ermənistan yenə də hər hansı mənəvi, etik, hüquqi və insani dəyərlərdən kənar şəkildə Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş Gevorkyan ailəsini əsassız təbliğat vasitəsinə çevirib”. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Gevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutub və üçüncü ölkəyə keçmək niyyətində olub: “Ailənin başçısı Yeğişe Gevorkyan kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib. Azərbaycanda olduğu müddətdə Gevorkyan ailəsi münasib mənzil, qida və lazımı həyat şəraiti ilə təmin olunub. Ailəyə daimi əsasda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilib, onların saxlama şəraitindən həmişə razılıq ifadə edilib və Azərbaycan tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib. Ermənistanda aparılmış tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut edib”.

H. Hacıyevin sözlərinə görə, Ermənistana təhvil verildikdən sonra Yeğişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistan xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür: “Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər. Təəssüflər olsun ki, Gevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşib. Beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyinə, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qoyulduqları işgəncələrə biganə qalmamalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR