"2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır".
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “İqlim dözümlülüyü, innovasiya və enerji keçidlərinin təşviqində davamlı enerji mərkəzlərinin rolu" mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, 2030-cu ilədək təkcə elektrik şəbəkələrinə illik investisiyaların təxminən 400 milyard ABŞ dollarından 600 milyard ABŞ dollarına qədər artırılması lazım gələcək: "Ölkələr eyni zamanda enerji təhlükəsizliyini, enerjinin əlçatanlığını və münasib qiymətə olmasını təmin etməlidirlər. Bütün ölkələr üçün keçərli olan vahid yol xəritəsi yoxdur. Regionumuz müxtəlif enerji sistemlərinə, iqtisadi strukturlara və inkişaf ehtiyaclarına malik ölkələri əhatə edir. Məhz buna görə regional əməkdaşlıq mühüm əhəmiyyət daşıyır”.
O bildirib ki, dünya əhalisinin 55 faizindən çoxu şəhərlərdə yaşayır:
“2050-ci ilədək dünya əhalisinin təxminən 70 faizinin şəhər ərazilərində yaşayacağı gözlənilir. Şəhərlər qlobal enerjinin təxminən 75 faizini istehlak edir. Təsəvvür edin, torpaqların cəmi 2 faizi, lakin enerji istehlakının 75 faizi şəhərlərin payına düşür. Ölkələr bu məsələlərə fərdi şəkildə cavab verə bilərlər. Lakin region üzrə həll yollarının, təcrübənin və texnologiyaların paylaşılması böyük fayda verə bilər. Bu, ölkələrə daha sürətli irəliləməyə, xərcləri azaltmağa və eyni səhvlərin təkrar edilməsinin qarşısını almağa kömək edə bilər”, - deyə Muxtar Babayev bildirib.