“Qlobal iqlim hədəfinə nail olmaq istəyiriksə, Ukraynadakı vəziyyəti həll etməliyik”.
APA-nın məlumatına görə, bunu Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk COP29 çərçivəsində Ukrayna pavilyonunda keçirdiyi mətbuat konfransında deyib.
“Biz dəhşətli vəziyyətin, təbii və ekoloji fəsadların qarşısını almağın, ekoloji təhlükəsizliyi təmin etməyin çox vacib olduğun vurğuladıq. Bu, təkcə Ukrayna deyil, həm də dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyət üçün də önəmlidir”, - deyə xanım nazir vurğulayıb.
Svetlana Qrinçuk Rusiyanın apardığı müharibənin iqlimə təsiri barədə də danışıb: “Bizdə hər gün meşə yanğınları olur, su və torpaq ehtiyatlarımız gündəlik çirklənir. Bu isə əlavə emissiyaların yaranması deməkdir.
Bu gün burada COP-da karbon emissiyalarının azaldılmasını, yeni texnologiyaları, eyni zamanda, elektrik enerjisi olmayan Ukrayna dövlətini müzakirə etmək çox qəribədir. Cəmi iki gün əvvəl Rusiya bizim enerji infrastrukturumuza kütləvi şəkildə hücum etdi. Dünən Ukraynanın ən böyük şəhərlərindən olan Odessada elektrik enerjisi kəsilib, bir çox insan işıqsız qalıb. Burada olmaq və iqlim məsələsini, beynəlxalq ictimaiyyətin gələcəyini müzakirə etmək həqiqətən qəribədir. Müharibə Ukraynanın 3 milyon hektardan çox meşəsini məhv edib”.