“Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib

“Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib
# 05 fevral 2016 10:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibəti ilə “Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıb.

O çıxışında bildirib ki, Azərbaycan hökuməti qadın və uşaqlarının hüquqlarının qorunmasını daim nəzarətdə saxlayır: “Bu gün ölkədə qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı böyük işlər həyata keçirilir”.

H. Hüseynova əlavə edib ki, Dövlət Komitəsi qadın və uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: “Bizim komitə fəaliyyətə başladığı dövrdə Azərbaycanda 2-3 qadın təşkilatı var idi. Lakin çox qısa müddət ərzində onların sayı 200-ü ötdü. Bu, bizim apardığımız ardıcıl işin nəticəsində baş verdi. İlk vaxtlar ölkədə qadınlar bələdiyyə sisteminə belə maraq göstərmirdilər. Ancaq hər bələdiyyə seçkisində qadınların iştirakı artan xətlə inkişaf edir. O cümlədən qadınlar icra hakimiyyətinə müraciət edə bilmirdilər. Daha çox kişiləri işə götürürdülər. Amma bu gün icra başçılarının müavinləri qadınlardır, böyük bir rayonunun icra başçısı xanımdır”.

Daha sonra ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Dövlət Komitəsi əməkdaşlarına medallar təqdim olunub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, 10 il ərzində komitəyə 7796 ­ şikayət daxil olub: “Bunlardan 2107 məhkəmə qərarlarının icrası, 1593 məişət zorakılığı, 1284-ü isə inzibati orqanların fəaliyyəti ilə bağlı olub”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR