Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır

Sabah Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayır
# 06 oktyabr 2016 10:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah “Baku Expo” Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayır.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bu sərgi nazirliyin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir. O deyib ki, ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

C. Valehov qeyd edib ki, ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar.

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə sərgidə 14 ölkədən 118 müəssisənin iştirak edəcəyini söyləyib: “Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər”.

Qeyd edək ki, XX Beynəlxalq Təhsil Sərgisi 7-9 oktyabr tarixlərində “Baku Expo” Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR