Yeni tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması yekunlaşıb

Yeni tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması yekunlaşıb
# 24 avqust 2016 10:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi yekunlaşıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-nə qədər dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Məlumatda deyilir ki, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər: “Bu səbəbdən şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll olunacaq”.

Təhsil Nazirliyi şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırır ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir: “Dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR