Erdal Sağlam:”Türkiyənin Avropa Birliyi ilə yaşadığı sıxıntılar TANAP layihəsinə təsir göstərməyəcək” - MÜSAHİBƏ

Erdal Sağlam:”Türkiyənin Avropa Birliyi ilə yaşadığı sıxıntılar TANAP layihəsinə təsir göstərməyəcək” - <span style="color: red;">MÜSAHİBƏ
# 02 avqust 2017 20:38 (UTC +04:00)

Türkiyənin tanınmış iqtisadiyyat şərhçisi,”Hürriyet” qəzetinin köşə yazarı və CNN Türk kanalının şərhçisi Erdal Sağlamın APA-ya müsahibəsi.

- Avropa Birliyi və xüsusilə, Almaniya ilə Türkiyə arasında yaşanan problemlərin iqtisadi müstəviyə keçməsi təhlükəsinə qarşı baş nazir Binali Yıldırım Türkiyədəki böyük alman şirkətlərinin idarəçiləri ilə görüşdü, iqtisadiyyat naziri Nihat Zeybekçi sanksiyaların iki tərəfə də mənfi təsir göstərəcəyini vurğuladı. Yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?

- Türkiyə ilə Avropa Birliyi ölkələri arasında yaşanan böhranlı vəziyyətdə hər iki tərəf öz reaksiyasını göstərir, Almaniya isə bu prosesdə daha qərarlı davranır. Mübahisə və təhdidlər Türkiyə ilə Avropa İttifaqı arasında 1996-cı ilin martında imzalanmış Gömrük Birliyi sazişinin yenilənməsini yubadıb. Xüsusilə, Almaniya və Türkiyənin qarşılıqlı “atışmalarının” hər iki tərəfin zərərinə olacağını düşünürəm. Proses sanksiyalara qədər davam edərsə, bundan hər iki tərəf zərər görəcək. Ona görə, müəyyən müddətdən sonra aranın sakitləşəcəyini və iqtisadi əlaqələrin daha soyuqqanlı bir atmosferdə inkişaf edəcəyini düşünürəm.

- Avropadan verilən bəzi açıqlamalarda Türkiyə ilə Avropa İttifaqı arasında cərəyan edən qarşılıqlı mübahisə və təhdidlərdən TANAP layihəsinin də zərər görə biləcəyi və layihə üçün lazım olan maliyyə vəsaitinin Aİ tərəfindən verilməyəcəyi iddia edildi. Sizcə,bu iddiada nə qədər həqiqət payı var?

- TANAP layihəsi Türkiyə qədər Avropa üçün də önəmli layihədir, Avropanın qaz ehtiyacının təhlükəsiz şəkildə təmin edilməsində mühüm rolu olacaq. Ona görə mən Türkiyə ilə Aİ arasında yaşanan sıxıntıların TANAP layihəsinin uğurla başa çatdırılmasına əngəl olmayacağını düşünürəm.

- Yaşanan sıxıntılar prosesində Türkiyənin idarəçiləri Qərbdən uzaqlaşıb Şanxay Əməkdaşlıq Təşkilatına üzv olma məsələsini gündəmə gətirirlər. Bu təhdidlərdə nə dərəcədə həqiqət payı var?

- Məncə,bunlar daha çox daxili siyasətə hesablanmış açıqlamalardır.Türkiyənin uzun müddətdən bəri inteqrasiya içində olduğu Qərb iqtisadi sistemindən uzaqlaşmasını realist bir yanaşma kimi dəyərləndirmirəm.

- Körfəz ölkələrinin Qətərə qarşı tətbiq etdikləri sanksiyalarda Türkiyə rəsmi Dohanın tərəfində duraraq, problemin danışıqlar yolu ilə həll edilməsinə çalışır. Bu işlərin Türkiyə ilə əlaqədar tərəfləri hansılardır?

- Türkiyə körfəzin digər ölkələri ilə də yaxın münasibətlər içindədir. Körfəz ölkələri Qətəri “terrorizmə dəstək verməkdə” günahlandırarkən Türkiyə Dohadan müxtəlif səpkili dəstəyini əsirgəmədi. Hazırda sanksiyaya səbəb olan məsələləri aradan qaldırması üçün Qətərə əlavə vaxt verilib. İndiki halda böhran Türkiyəni öz içinə almır. Ancaq Qətər tələbləri yerinə yetirməsə, körfəz ölkələrinin Türkiyə ilə münasibətlərində də soyuqluq yarana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR