Azərbaycanla Rusiya gömrükçüləri sərhəddəki sıxlığı müzakirə edib

Azərbaycanla Rusiya gömrükçüləri sərhəddəki sıxlığı müzakirə edib
# 18 noyabr 2016 15:10 (UTC +04:00)

Rusiya-Azərbaycan sərhədində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş keçirilib.


DGK-nin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərliyi ilə nümayəndə heyətlərinin qatıldığı toplantıda Xaçmaz Gömrük İdarəsinin “Samur” və Rusiya tərəfində yerləşən “Yaraq Qazmalar” sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin keçidinin təmin olunması ilə bağlı vəziyyət müzakirə olunub.

Görüşdə son günlər sərhəddə nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbləri, sıxlığın aradan qaldırılma üsulları və bu sahədə həyata keçirilən qarşılıqlı səylər haqda danışılıb. Bildirilib ki, sıxlığın yaranmasının səbəblərindən biri mövsümlə əlaqədar Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyan avtomobillərin sayının artmasıdır.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin ümumi işə fayda verəcəyini ifadə ediblər.

Sonda işçi görüşün protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR