“Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi”.
APA xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu: “Bu il də təxminən eyni sayda vakant yerlər elan ediləcək. Düşünürük ki, bu artım dinamikası davam edəcək”.
MİQ müsabiqəsinin nə vaxt keçirilməsi məsələsinə gəldikdə isə o qeyd edib ki, bu il də MİQ müsabiqəsi ənənəvi olaraq iyul ayında keçiriləcək və avqust ayına qədər davam edəcək.
O deyib ki, yaxın vaxtlarda məzmunla bağlı Təhsil İnstitutu tərəfindən çərçivə sənədi elan ediləcək.
MİQ müsabiqəsində kişi müəllimlərə üstünlük verilməsi ilə bağlı məsələyə gəldikdə isə şöbə müdiri qeyd edib ki, müsabiqə şərtlərinə görə hansısa kateqoriya üzrə namizədlərə üstünlük verilməsi ədalətli deyil:
“Kişi müəllimləri üçün hər hansı güzəştlərin olması gözlənilmir. Amma kişi namizədlərin sayında artım müşahidə olunur. Xüsusilə bu artım kənd məktəblərində özünü büruzə verir”.
Şöbə müdiri vakant yerlərin gizlədilməsi ilə bağlı iddiaya da münasibət bildirib. O deyib ki, vakant yerin gizlədilməsində təhsil müəssisəsinin heç bir marağı yoxdur:
“Belə hallarla bağlı konkret faktlar varsa, buna reaksiya verərik. Bununla bağlı Çağrı Mərkəzinə də müraciət edə bilərlər. Lakin ötən dövr ərzində belə bir müraciət daxil olmayıb”.
E. Bağırov onu da qeyd edib ki, MİQ imtahanında eyni bal toplayan iki namizəddən magistr təhsili olana üstünlük veriləcək.