ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran Mərkəzi Bankına qarşı sanksiyaları genişləndirib.
"APA-Economics" xəbər verir ki, OFAC İran Mərkəzi Bankına məxsus daha dörd kriptovalyuta ünvanını sanksiya siyahısına daxil edib. Bunun ardınca stabilkoin emitenti Tether həmin ünvanlarda saxlanılan 131 milyon ABŞ dolları həcmində vəsaiti dondurub.
"Chainalysis"in məlumatına görə, sanksiyaya məruz qalan dörd kriptocüzdana ümumilikdə 165 milyon ABŞ dolları həcmində stabilkoin daxil olub. ABŞ tərəfi hesab edir ki, İran Mərkəzi Bankı bu kriptoaktivlərdən beynəlxalq sanksiyalardan yayınmaq, fəaliyyətini maliyyələşdirmək və regional tərəfdaşlarına vəsait ötürmək məqsədilə istifadə edib.
Şirkətin məlumatına əsasən, Tether indiyədək OFAC tərəfindən İran Mərkəzi Bankına aid olduğu müəyyən edilən kriptocüzdanlarda ümumilikdə 475 milyon ABŞ dollarına yaxın stabilkoini dondurub. Bu vəsaitlərdən istifadə artıq mümkün deyil.