Azərbaycan Dövlət İqtisad Universitetində “Məzun-2015” əmək yarmarkası keçirilib

 Azərbaycan Dövlət İqtisad Universitetində “Məzun-2015” əmək yarmarkası keçirilib
# 28 noyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Məzun-2015” əmək yarmarkası keçirilib.

APA-Economics”in məlumatına görə, məzunların işlə təmin olunmasına kömək məqsədilə Gənclər və İdman, eləsə də Təhsil nazirliklərinin dəstəyi ilə UNEC-də baş tutan yarmarkada 50-dən çox dövlət qurumu, şirkət və banklar iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev və UNEC-in rektoru Ədalət Muradov yarmarkaya baxış keçiriblər. Dövlət və özəl qurumların nümayəndələri, işəgötürənlər vakant iş yerləri haqda məlumat veriblər.

Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və UNEC arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

“Məzun-2015” əmək yarmarkasında 2 500-dən çox məzun iştirak edib. Bunların 1 112 nəfəri UNEC-in, 21 nəfəri 16 xarici universitetin, 1 300-dən çoxu isə Azərbaycanın 40 universiteti və orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır.

“Məzun-2015” əmək yarmarkasında gənclərə 600-dən çox vakant iş yerləri təklif olunub. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşlər təşkil edilib.

Yarmarka bitdikdən sonra müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim edilib.

Bu gün həmçinin UNEC-də BMT modelinin “ECOSOC” şurasının formatında konfrans baş tutub. Konfransın məqsədi Azərbaycanda diplomatiya və beynəlxalq əlaqələr sahəsində oxuyan tələbələri BMT-nin iş prinsipləri ilə yaxından tanış etmək və gələcəyin diplomatlarının hazırlanmasında töhfə verməkdir.

UNEC, Gənclər və İdman Nazirliyinin dəstəyi və “UNC model UN” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın 7 universitetindən 50 tələbə iştirak edib. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramının qəbul olunmasına həsr edilən konfransda “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunda müzakirələr aparılıb. Tələbələr öncədən verilmiş mövzu və təyin olunduqları ölkələr çərçivəsində mövqelərinin iqtisadiyyatı, tarixi və siyasətini araşdırıb təmsil ediblər.

Rəsmi açılışda təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev və UNEC-in rektoru Ədalət Muradov və BMT İnkişaf Proqramının Bakı ofisinin proqramlar rəhbəri Məzahir Əfəndiyev qonaq qismində çıxış ediblər.

Daha sonra öz işinə başlayan simulyasiya konfransında ölkə “nümayəndələri” çıxış ediblər. Konfransın formatına uyğun olaraq mövzu ətrafında iştirakçılar diskussiya xarakterli debatlar aparıblar. Sonda iştirakçılar tərəfindən qətnamə qəbul edilib.

İki gün davam edəcək konfransın bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olunacaq. Konfransın ən yaxşı 4 nümayəndəsi “Ən yaxşı təmsilçilik” mükafatı ilə təltif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR