Bolqarıstanda Bakı-Sofiya aviareysinin təqdimatı keçirilib

Bolqarıstanda Bakı-Sofiya aviareysinin təqdimatı keçirilib
# 09 dekabr 2017 09:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən Bakı-Sofiya istiqaməti üzrə birbaşa aviareysin açılması nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, aviareysin Bolqarıstanda təşviqi, eləcə də Azərbaycanın turizm potensialının bu ölkədə tanıdılması məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Sofiyada iki ölkə arasında açılacaq birbaşa hava əlaqəsinin təqdimatı keçirilib.

Tədbirin açılış hissəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə iştirak ediblər. N.Qurbanova iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq Azərbaycan ilə Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən hesab edildiyini bildirib. Azərbaycan tərəfindən və onun iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrindən söz açan səfir 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu layihənin Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası, eləcə də Azərbaycanın qatıldığı, Bolqarıstanın isə müşahidəçi statusunda iştirak etdiyi Şimal-Cənub layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. N.Qurbanova ölkəmizin turizm potensialı barədə məlumat verərək hər iki tərəfin açılacaq reysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulayıb.

“Buta Airways” şirkətinin Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olacağını, eləcə də “Buta Airways” şirkətinin Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçacağını qeyd edən səfir Bakı ilə Sofya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında siyasi, mədəni, biznes və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.

İ.Qeorqiyeva Bolqarıstanın turizm potensialından, eləcə də son illərdə bu sahənin intensiv inkişafından bəhs edərək ölkəsinin Azərbaycan üçün maraqlı turizm istiqaməti olacağını, birbaşa hava əlaqəsinin iki ölkə arasında turizmin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib. O, Bolqarıstanın Turizm Nazirliyinin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə həm ikitərəfli əsasda, həm də Ümumdünya Turizm Təşkilatı daxil olmaqda çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyini bildirib. O, hər iki ölkədə təşkil olunan turizm sərgilərində müqabil tərəfin fəal iştirakının alqışlandığını qeyd edib.

C.Manizadə “Buta Airways” aviaşirkətinin artıq 1 il fəaliyyət göstərdiyini, bu müddət ərzində şirkətin təhlükəsiz, müntəzəm və kommersiya cəhətdən cəlbedici xidmət təklif edərək kifayət nailiyyətlər əldə etdiyini bildirib. Bakı-Sofiya-Bakı birbaşa hava əlaqəsinin açılması ilə bağlı hazırda aparılan işlər barədə məlumat verən C.Manizadə bu reysin uğurlu və davamlı olacağına ümidi ifadə edib.

Daha sonra “Buta Airways” şirkətinin nümayəndələri tərəfindən şirkət, onun fəaliyyəti, Heydər Əliyev adına beynəlxalq hava limanı, eləcə də həyata keçiriləcək uçuş haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR