Neftçalada iki nəfərin qətlində təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Neftçalada iki nəfərin qətlində təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib
# 19 yanvar 2018 13:17 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Neftçala rayonunda 2 nəfərin qətlində iştirak etmiş şəxslərin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Heybətova Tükəzban Habil qızı, Əliyev Cavid Balaşan oğlunun və Şükürov Ruhid Cahangir oğlunun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Ömürlük həbs cəzası alan Heybətov Emil Aydın oğlu və onun qardaşı 16 il 6 aylıq həbs cəzası alan Heybətov Amil Aydın oğlu apellyasiya şikayəti ilə müraciət etməyiblər.

Qeyd edək ki, 2013-cü ildə Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu və anası Tükəzban Habil qızı Heybətova ilə əlbir olaraq atası -1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar.

Qətli törətməkdə şübhəli bilinən Heybətova Tükəzban və oğlu Heybətov Emil 2016-cı ilin dekabr ayında polis tərəfindən saxlanılıb. Aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, Emil və Amil Heybətovlar başqa bir qətl hadisəsinin də iştirakçısı olublar. Belə ki, 2014-cü ilin fevralında qardaşı Amillə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkən Cəlilabad sakini, Cavid Əliyev və onun tanışı Ruhid Şükürovla danışaraq, atasının öldürməsinin şahidi olan Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunu çöllük əraziyə apararaq orada öldürüblər. Daha sonra onun avtomobilini yandırıb, meyitini Cavid Əliyevə məxsus “Mercedes” markalı avtomaşının yük yerində Bakı şəhərinə gətiriblər və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində manqalda yandırdıqdan sonra qalıqlarını həyətdə basdırıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Heybətov Emil Aydın oğlu ömürlük, Heybətov Amil Aydın oğlu 16 il 6 ay, Heybətova Tükəzban Habil qızı 14 il, Əliyev Cavid Balaşan oğlu 14 il 6 ay və Şükürov Ruhid Cahangir oğlu 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR