Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir

 Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçirilir
# 02 aprel 2015 08:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2015) Sərgisi keçirilir. APA-nın məlumatına görə, sərgi aprelin 4-nə kimi davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan sərgi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, fikir və təkliflərin mübadiləsi üçün imkan yaradacaq. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, xarici qonaqlar və digər rəsmi şəxslər iştirak edir.

AITF-2015 sərgisində dünyanın 40 ölkəsindən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edir. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə 18 ölkə öz milli stendi ilə iştirak edir.

Sərgidə Azərbaycan 13 regionunun stendləri ilə təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinə məxsus 40 kvm ərazidə stend qurulub və burada nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Baku şəhər turu, Şahdağ Turizm Mərkəzinin nümayəndələri köşklərlə təmin olunub.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc" şirkətləri çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR