Tiflis Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanıb

Tiflis Dövlət Universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanıb
# 04 mart 2015 10:17 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində gürcü tələbələri qarşısında "Azərbaycan multikulturalizmi" mövzusunda mühazirə ilə çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Beynəlxalq Psixolinqvistika Cəmiyyətinin sədri, TDU-nun professoru David Qoçolidze açaraq, bu semestrdən başlayaraq universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunacağını bildirib: "TDU-da bu fənnin tədris olunması Bakıda multikulturalizmə həsr olunan konfransda qərara alınıb. Fənn ilə tanış olan gürcü tələbələri eyni zamanda Bakıya səfər edəcək və bu sahədə Azərbaycanın təcrübəsini öyrənəcəklər".

K.Abdulla mühazirəsində Azərbaycanda multikulturalizmin inkişafından, ölkədə yaşayan etnik azlıqların mehriban və sülh şəraitində yaşamasından, müxtəlif konfessiyaların azad fəaliyyətindən, bu istiqamətdə dövlətin dəstəyindən danışıb. O, bəzi ölkələrdə islamofobiya və dini qarşıdurmaların yaşandığını, Ermənistanda bilərəkdən monoetnik dövlət yaradıldığını qeyd edib: "Müasir dövrdə belə addımlar Cənubi Qafqaza da təsir edir. Bu gün başladığımız "Azərbaycan multikulturalizmi" fənninin tədrisi istər Azərbaycan, istərsə də gürcü gənclərinə sağlam mühitdə böyüməyi təbliğ edəcək, Azərbaycan və Gürcüstan arasında olan əlaqələrin şəffaf şəkildə inkişafı üçün zəmin yaradacaq".

Sonda K.Abdulla tələbələrin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR