Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində olub

Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində olub
# 06 iyun 2017 09:30 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselos, bu ölkənin neft şirkəti olan Sonangol şirkətinin icraçı direktoru və icraçı komissiyasının prezidenti Paulino Xeronimo ilə görüşüb.

BANM-dən APA-ya bildirilib ki, görüşdə Elmar Qasımov Anqola və Azərbaycanın təhsil əlaqələrindən bəhs edib, bunun inkişafının hər iki ölkənin maraqlarına xidmət edə biləcəyini vurğulayıb. O, anqolalı tələbələrin BANM-də təhsil almasını təklif edib.

E.Qasımov yeni açılmış kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrislə yanaşı, SOCAR-ın müəssisələrində təcrübə keçə biləcəklərini deyib.

Xose Maria Botelyo de Vaskonselos həm Neft Nazirliyinin, həm də Sonangol şirkətinin anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və gənclərin Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirib. Nazir bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini deyib.

Qeyd edək ki, Anqolanın nümayəndə heyətinin Bakıya səfəri 24-cü Beynəlxalq Neft və Qaz sərgisi çərçivəsində həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR