Prezident: “Azərbaycanda çox böyük sahibkarlıq sinfi yaradılıb”

Prezident: “Azərbaycanda çox böyük sahibkarlıq sinfi yaradılıb”
# 10 aprel 2015 22:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.


Prezident bildirib ki, qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür: “Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım əlbəttə ki, gözəl göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir”.

Dövlət başçısı sahibkarlarla il ərzində dəfələrlə görüşdüyünü vurğulayıb: “Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb. Bu kreditlərin demək olar ki, tam həcmi sonra qaytarılır və yenidən resurs baza kimi sahibkarlara verilir. Həm dövlət büdcəsində sahibkarlığın inkişafı üçün vəsait nəzərdə tutulur, eyni zamanda, əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər yenidən sahibkarlara verilir. Yəni, o kreditlərin qaytarılması yenə də sahibkarlığın inkişafına şərait yaradır”.

Dövlət başçısının sözlərinə görə, hazırda ölkədə çox böyük sahibkarlıq sinfi yaradılıb: “Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin. Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır”.

Prezident qeyd edib ki, ümumi daxili məhsulun təxminən 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır: “Keçən il “Sənaye ili” elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna yaxınlaşırıq. Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır. Bazarlara çıxmaq o qədər asan deyil, gərək məhsul rəqabətqabiliyyətli və qiyməti ucuz olsun. Dövlət öz tərəfindən sahibkarlara bu dəstəyi də göstərir. Çünki Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür. Sahibkarlar da bundan səmərəli şəkildə istifadə etməlidir”.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır: “Dövlət bu sahəyə nəzarət edir. Eyni zamanda, xarici bazarlara girmək üçün də əlbəttə ki, qiymət də münasib olmalıdır. Yəni, əgər Azərbaycanda yanacağa qoyulan tariflər bu qədər aşağı səviyyədə olmasaydı, bu, sahibkarlar üçün də böyük problem yaradardı. Sahibkarlar bunu bilməlidir ki, dövlət tərəfindən bu, çox böyük dəstəkdir. Kreditlər də, eyni zamanda, siyasi dəstək və hətta İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən metodik tövsiyələr də sahibkarlara təqdim edilir. Onların qoyduqları investisiyaların həcminə görə müxtəlif tövsiyələr paketi də verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR