Azərbaycanın turizm xidmətləri üzrə profisiti ötən il 1,6 dəfə artıb

Azərbaycanın turizm xidmətləri üzrə profisiti ötən il 1,6 dəfə artıb
# 31 mart 2018 12:03 (UTC +04:00)

2017-ci ilin yanvar-dekabr aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutub və bu xidmətlərin ümumi həcmi 12,8 mlrd. dollar təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 8,1 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Nəticədə xidmətlər balansında 3,4 mlrd. dollarlıq kəsir yaranıb. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 277 mln. dollar təşkil edib. Kəsirin 92%-i (3.1 mlrd.$) neft-qaz sektoru ilə əlaqədardır (əsasən 2.4 mlrd. dollar tikinti xidmətləri və 0.9 mlrd. dollar digər işgüzar xidmətlər).

Qarşılıqlı xidmətlər dövriyyəsinin 16%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 48%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 971,4 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1 048,4 mln. dollar təşkil edib.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6% artıb. 2017-ci ilin yanvar-dekabr aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 5,7 mlrd. dollar təşkil edib. 2017-ci ilin yanvar-dekabr ayları ərzində turizm xidmətləri üzrə profisit 216-cı illə müqayisədə 1,6 dəfə artaraq 353,4 mln. dollar (2016-cı ilin müvafiq dövründə 219.4 mln. dollar təşkil edib (2017-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artıb). Öz növbəsində, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.7 mlrd. dollar məbləğində olub. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür (2017-ci il ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşların sayı 4% azalıb).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə azalaraq 35,7 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 21% artaraq 769,8 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR