Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Sosial Müdafiə Fondunun gələn ilki büdcəsi haqqında qanunun icrasına dair fərman imzalayıb

Azərbaycan prezidenti Dövlət Sosial Müdafiə Fondunun gələn ilki büdcəsi haqqında qanunun icrasına dair fərman imzalayıb
# 11 dekabr 2008 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında» qanunun icrasının təmin edilməsi barədə fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, həmin qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti əlillərin, ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə bir ay müddətində təsdiq etməlidir. Bununla yanaşı, gəlir və xərc smetaları Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2009-cu il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsi nəzərdə tutulur.
Fərmanda həmçinin qeyd olunub ki, Maliyyə Nazirliyi 2009-cu ildə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Fondla razılaşdırmaqla təsdiq etməlidir. Bundan başqa, dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılır ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borclar 2009-cu il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alınsın.
Xatırladaq ki, DSMF-nin gələn ilki büdcəsinin gəlir və xərcləri eyni səviyyədə olmaqla 1 775,547 mln. manat həcmində nəzərdə tutulub və bu, 2008-ci ilin analoji göstəricisi ilə müqayisədə təxminən 17% çoxdur.
DSMF-nin 2009-cu il büdcəsinin gəlirlərinin 1 278,047 mln. manatı məcburi dövlət sosial sığorta haqları, 495 mln. manatı isə dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq. Fondun xərclərinin 1 707,475 mln. manatı əhaliyə ödənişlər, o cümlədən 1 660,0 mln. manatı əmək pensiyalarının ödənilməsinə yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR