Bank Of Baku

Rəsmi Tehran «Azər-Asiya» müştərək sığorta şirkətinin fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan tərəfindən cavab gözləyir

Rəsmi Tehran «Azər-Asiya» müştərək sığorta şirkətinin fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan tərəfindən cavab gözləyir
# 16 dekabr 2008 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının Tehranda keçirilən son növbədənkənar iclasında təşkilatın gələcək fəaliyyəti ilə bağlı konkret qərar qəbul olunmayıb. Bu barədə «APA-Economics»ə müştərək sığorta şirkətinin həmtəsisçilərindən olan «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin baş hüquqşünası Əfqan Mirzəyev məlumat verib.
Ə.Mirzəyevin sözlərinə görə, iclasda şirkətin səhmdarları ilə yanaşı Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov və İran Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak ediblər. Toplantıda hər iki ölkənin nümayəndələri şirkətin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Ə.Mirzəyev bildirib ki, İran Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə məktub göndərilib. «Məktubda hər iki tərəf şirkətə yeni müddət üçün lisenziyanın verilməsi üçün bu ilin dekabr ayının 15-dək müvafiq işlərin görüləcəyi bildirilib. Lakin hazırda bu müddət başa çatıb və biz Azərbaycan tərəfinin qərarını gözləyirik. Əks halda İran hökuməti Azərbaycan Maliyyə Nazirliyinə yenidən müraciət etməli olacaq», - deyə Ə.Mirzəyev bildirib.
Ə.Mirzəyevin sözlərinə görə, iclasda konkret qərar qəbul olunmasa da, hər iki tərəf arasında şirkətinin fəaliyyətinin bərpasına dair şifahi razılıq əldə olunub.
Xatırladaq ki, bu ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətini uzatmaqdan imtina edib. Lisenziyanın dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
Qeyd edək ki, iranlı səhmdarlar şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edir və nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırmağa hazır olduqlarını bildirib.
Təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR