Bank Of Baku

Cəmil Məlikov: «Dünya maliyyə böhranı Azərbaycan sığorta bazarına da təsir göstərəcək»

Cəmil Məlikov: «Dünya maliyyə böhranı Azərbaycan sığorta bazarına da təsir göstərəcək»
# 17 dekabr 2008 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «MBASK» sığorta şirkəti jurnalistlər arasında keçirdiyi «Azərbaycan sığorta bazarının inkişaf perspektivləri» adlı müsabiqənin nəticələrini, həmçinin 2008-ci ilin maliyyə nəticələri ilə bağlı tədbir keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə «MBASK» sığorta şirkəti İdarə Heyətinin sədri Cəmil Məlikov qeyd edib ki, cari ilin yanvar-sentyabr ayları ərzində şirkətin sığorta haqlarının həcmi 15 mln. manatdan çox, ödənişləri isə 4,5 mln. manat olub: «Bu ilin sonuna şirkətin sığorta haqları üzrə proqnozu 18 mln. manat civarında olacağı gözlənilir. Bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqları üzrə portfelində əsas yeri «Avtomobil sığortası» növü tuturdusa, maliyyə böhranı ilə bağlı bu ilin yekununda bunu «Əmlak sığortası» əvəzləyəcək. Çünki dünyada baş verən maliyyə böhranı Azərbaycanın sığorta bazarının avtomobil sığortası seqmentinə təsir göstərib. Bu, özünü birbaşa cari ilin sonuncu rübündə göstərib. Maliyyə böhranı baş verən zaman bəzi sığortaçılar iddia edirdilər ki, böhran birbaşa sığorta bazarına təsir etməyəcək. Lakin böhran xarici təkrarsığorta şirkətlərinə təsir edirsə, bu, gec-tez Azərbaycan sığorta bazarına da təsir göstərəcək. Bu səbəbdən də hazırda xarici təkrarsığorta şirkətlərinin reytinqləri tədricən düşür. Mən qeyd etmək istəyirəm ki, bu böhran Azərbaycan sığorta bazarına çox da təsir etməyib. Çünki Azərbaycan sığortaçıları əsas investisiya əməliyyatlarını daxili bazarda aparır. Yəni, bütün investisiyalar banklara depozit şəklində yatırılır».
Daha sonra həm də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının sədri olan C.Məlikov ASA-nın növbəti il üçün fəaliyyət planından danışıb. C.Məlikovun sözlərinə görə, növbəti ildə ASA-nn fəaliyyət planı üç istiqamət üzrə müəyyənləşib ki, bura ASA tərəfindən bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri üçün treninqlərin təşkili, aktuarilərin hazırlanması sahəsində görüləcək işlər və beynəlxalq sığorta şirkətləri ilə əməkdaşlıq məsələləri daxildir.
C.Məlikov bu il ərzində Bakıda ASA tərəfindən beynəlxalq sığorta konfransının da təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, tədbirin sonunda müsabiqədə qalib gələn jurnalistlər şirkət rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Xatırladaq ki, şirkətin sığorta portfelinin 80%-i fərdi müştərilər, 20%-i isə korporativ müştərilərin payına düşür. Hazırda şirkətin rəsmi işçilərinin sayı 160 nəfər, sığorta agentlərinin sayı 300 nəfərdən çoxdur. «MBASK» işçilərin sayına görə, respublika üzrə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətindən sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR