Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8050 manatdan 0,8015 manatadək dəyişib, yəni dolların məzənnəsi 0,44% azalıb. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,46%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,7%, nağd satış məzənnəsi isə 0,54% enib:
Beləliklə, ötən həftə valyuta bazarında bütün məzənnələr üzrə dolların manata qarşı ucuzlaşması müşahidə olunub. Bununla belə, Milli Bank və birja məzənnələri arasında adətən mövcud olan fərq heçə enib ki, bu da ilk növbədə bazarda kiçik dövriyyələrlə bağlıdır. Başqa sözlə, həftə ərzində çox məhdud sayda əqd bağlanıb və onlar ünvanlı xarakter daşıyıb ki, bu səbəbdən birja məzənnəsi rəsmi məzənnədən praktiki olaraq fərqlənməyib.
Valyuta bazarının digər amili nağd bazarda banklar arasında spekulyativ əhval-ruhiyyənin azalmasının göstəricisi olan nağd alış və rəsmi məzənnələrinin «yaxınlaşmasıdır». Bu, ölkədə nağd dollar bazarının sağlam olduğunu göstərir.
Qeyd edək ki, avronun rəsmi məzənnəsi həftə ərzində nəzərə çarpan dərəcədə yüksəlib:
Avro məzənnəsinin ümumi həftəlik bahalaşması 5,3%-ə bərabər olub. Bu, dünya bazarlarında dolların avroya qarşı ucuzlaşmasının nəticəsi kimi qiymətləndirilir. Həmin ucuzlaşma öz növbəsində ABŞ və Avropa iqtisadiyyatlarında bir sıra amilin nəticəsidir. Xüsusən, ABŞ-ın makroiqtisadi göstəriciləri son vaxtlar kəskin pisləşib, korporativ sektorun göstəriciləri azalıb və investorların korporativ qiymətli kağızlar bazarına qayıtması əvvəl dollara yönəldilmiş aktivlərin qiymətli kağızlara qaytarılması ilə nəticələnib. Bu hadisələrin əksi olaraq, Azərbaycanda dolların məzənnəsi azalmaya doğru istiqamətlənib, avronun məzənnəsi isə, əksinə, yüksəlməyə başlayıb.