Bank Of Baku

Dünya iqtisadi böhranı: iflas, yoxsa dirçəliş - TƏHLİL
Və ya Azərbaycan nə etməlidir?

Dünya iqtisadi böhranı: iflas, yoxsa dirçəliş - <font color=red>TƏHLİL</font><br><i>Və ya Azərbaycan nə etməlidir?</i>
# 23 dekabr 2008 10:44 (UTC +04:00)
Sistemli böhranının təzahürü əsasən PR-kampaniyaların təşkil edilməsi yolu ilə aktivlərin qiymətli kağızlar bazarında səhmlərin qiymət dərəcələrinin artırılmasına yönəldilmiş şişirtmə nəticəsində əldə olunan subyektiv mənfəətin idarə edilə bilməməsi ilə şərtləndirilir. Bunu iqtisadi qanunauyğunluqla subyektiv reallıq arasında fərq adlandırmaq olar. Aydındır ki, səhm nisbətən ucuz pulların iqtisadiyyatın real sektoruna cəlb olunması üçün mühüm bir alətdir. Bazarın öz qanunları var: bütün yaxşılaşmalar şirkətin ümumi inkişaf prosesi çərçivəsində olmalıdır. Yəni, biznesin inkişafı bu prosesin bütün iştirakçılarının, o cümlədən, əməkdaşlar və işçilərin rifahına təsir etməlidir. Lakin əslində hər şey tamamilə başqa cürdür: idarəçilər gəlirlərin «qaymağını yığır» və onlardan öz istədikləri kimi istifadə edərək, əmək haqqı səviyyəsini əvvəlki səviyyədə saxlayırdılar. Bu arada isə əhalinin orta təbəqəsi iqtisadi obyektivliyin ona diktə etdiyindən pis yaşamaq istəmirdi. Buna görə də o öz xərclərini maliyyə sektorunda aldığı pullar hesabına kompensasiya edərək, pulu mala çevirirdi. Maliyyə sektoru buna dərhal reaksiya verir. Bir halda ki, müəyyən bir mala tələb var, deməli, ondan çox olmalıdır (bazarın «tələb təklifi müəyyənləşdirir» qanunu). Bu halda, dövlət maliyyə bazarı üzərində nəzarəti itirdi. Pul satıcılarının sayı kəskin artdı. Bu prosesə iri maliyyə korporasiyaları da qoşuldu. Bu prosesdə hətta bir sıra MDB ölkələrində də (Rusiya, Ukrayna, Qazaxıstan) geniş yayılmış ipoteka kreditləşməsi böyük yer aldı. Liberal Amerika və Avropa qanunvericiləri maliyyə sektoruna daha çox pul axını yönəltməyə imkan verən qanunlar qəbul etdi. ABŞ rəhbərliyi tez-tez öz büdcəsindəki kəsiri dollar kütləsinin emissiyası hesabına doldurmağa başladı. Müasir bazar qanunlarını real baş verən proseslə tutuşdura bilməməsi nəticəsində dövlət və biznes getdikcə daha çox borca düşürdü. Məsələn, 2007-ci ilin noyabrında ABŞ-ın xarici borcu 10 trln. dolları ötüb, özəl sektorun borcu isə demək olar ki, 30 trln. dollara çatıb. Ötən ilin sonuna orta səviyyəli amerikalı ailənin gəlirləri və xərcləri arasındakı fərq 1/2 nisbətində kəsir təşkil edib. Praktiki olaraq hər bir istehlakçının sərəncamında müxtəlif banklardan alınmış təxminən 10 kredit kartı olub. Əhalinin yüksək alıcılıq qabiliyyəti ABŞ və inkişaf etmiş Avropa İttifaqı ölkələrinin istehsal potensialının təqdim etdiyindən iki dəfə artıq mal istehlak etməyə imkan verirdi.
Paralel olaraq, dünya arenasında elə hadisələr baş verirdi ki, bunun fonunda dünya bazarına əsas neft tədarükçüləri olan OPEC ölkələri öz malını ucuz qiymətə verməmək qərarına gəldilər. Onlar neftin qiymətinin hasilatın azaldılması və artırılması yolu ilə tənzimlənməsi mexanizmlərini hazırladılar. Bu zaman OPEC ölkələri İraq və Əfqanıstanda hərbi əməliyyatlarla bağlı vəziyyətdən, eləcə də üçüncü dünya ölkələrinin enerji daşıyıcılarına tələbatının artmasından bacarıqla istifadə edirdilər. Bu isə öz növbəsində, neftin və bunun nəticəsi kimi, digər enerji daşıyıcılarının subyektiv olaraq dəfələrlə bahalaşmasına gətirib çıxardı ki, bu da son nəticədə mal istehlakçıları üçün mal vahidinin maya dəyərinin artması və əhalinin xərclərinin çoxalmasında öz əksini tapdı. Bu hallar inkişaf etmiş ölkələrdə mal və xidmət istehsalçılarını ucuz işçi qüvvəsi və nisbətən yumşaq vergiqoyma bazası olan üçüncü ölkələrdəki həmkarları ilə müqayisədə qeyri-bərabər şərtlər qarşısında qoydu. Nəticədə, inkişaf etmiş ölkələrin, ilk növbədə, ABŞ-ın kapitalının üçüncü dünya ölkələri, əsasən də, iqtisadiyyatı proqressiv inkişaf edən Çinin iqtisadiyyatına ekspansiyası baş verdi. İri şirkətlər öz fəaliyyətini qismən ixtisar edərək, əsas istehsal potensialını inkişaf etməkdə olan ölkələrə köçürürdülər. Bu, pul kütləsinin inkişaf etmiş ölkələrdən bu regionlara axınına səbəb oldu və maliyyə qıtlığına zəmin yaratdı.
ABŞ Milli Bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminə gəldikdə isə, o özü dünya iqtisadiyyatında virtual maliyyə piramidasının yaradılması üzrə beyin mərkəzidir. Elektron hesablaşmaları, eləcə də mövcud qismən rezervləşdirmə bank sisteminin inkişafı ilə 1 dollar 9 virtual (elektron) dollara çevrilir ki, bu da aktivlərlə təmin olunmadığına baxmayaraq, real iqtisadiyyat sektorunda adi pul kütləsidir. Buna görə də, bu gün ABŞ-da dövriyyədə olan pulların yalnız 4%-ni real olaraq ələ götürmək mümkündür.
«Sabun köpüyü» ABŞ kapitalının istehlak sektorunda elektron hesablaşmalar sisteminin o qədər də inkişaf etmədiyi və bir hissəsi «corabda» gizlədilmiş fiziki pul kütləsinin tələb olunduğu keçmiş SSRİ və üçüncü dünya ölkələrinin iqtisadiyyatına yuxarıda göstərilən ekspansiyası baş verməyənədək şişirdilməkdə davam edirdi. Məhz bu an «köpüyün» şişirdilmə sxemləri pozuldu və bank sektorunun adi inkişaf ritmində pul kütləsi ilə bağlı problemlər yarandı.
Bütün bu hallar ona gətirib çıxardı ki, hava şarı partladıqda iri şirkətlərin real aktivləri və virtual dəyəri arasındakı fərq sürətlə azaldı və bu, qiymətli kağızlar bazarının çökməsinə səbəb oldu.
Menecerlər səhmlərin qiymət dərəcələrinin düşməsinə yol verməmək üçün bu fərqi maskalamağa çalışırdı. Hərbi əməliyyatlarla bağlı şəxsi maliyyə problemləri ilə üz-üzrə qalmış hökumət maliyyə sektoru haqqında isə heç düşünməyə belə vaxt tapmırdı.
Məlum olduğu kimi, artan maliyyə problemlərini uzun müddət maskalamaq o qədər də asan deyil, gizli olan hər şey əvvəl-axır aşkara çıxır. Artıq ötən ilin ikinci yarısında şayiələr gəzirdi ki, ABŞ-ın bəzi iri bankları özəl sektora kredit ayırmaqda əziyyət çəkir və bu da dəfələrlə qiymətli kağızlar bazarında cüzi çaxnaşmalara gətirib çıxarıb. Lakin 2008-ci ilin yanvar ayının əvvəllərində maliyyə sektorundakı çat üzə çıxdı («Citygroup»un səhmlərinin kapitallaşması və qiymətləndirilməsi arasındakı böyük fərq haqqında məlumat yayıldı). Praktiki olaraq bütün birjalarda, qiymətli kağızlar bazarında çaxnaşma başladı və bunların nəticəsi olaraq sənaye aktivliyi indeksi (Dow Jones) 2,2%, Nasdaq Composite 2,45%, Standard & Poor’s 2,51% dəyərdən düşdü. Böhran start götürdü!
Böhranın inkişaf xronologiyasını təsvir etməyə ehtiyac yoxdur, çünki o hamıya məlumdur, lakin bir şeyi vurğulamaq lazımdır: o ayrı-ayrı şirkətlərin maliyyə böhranı kimi başladı, daha sonra qiymətli kağızlar bazarına keçdi, bunun ardınca dünya maliyyə böhranı, eləcə də istehlakçıların etimadının böhranı kimi alovlandı. Hazırda böhran mal və xidmətlərin istehsalına keçib (ABŞ-da hər gün 10 minədək iş yeri ixtisar olunur). Daha sonra isə istehlak bazarına keçəcək. Böhran keçmiş SSRİ ölkələrindən daha çox Qazaxıstan, Ukrayna, Tacikistan, Rusiya, Baltik ölkələri, Gürcüstan, Ermənistana zərbə vuracaq.
Gələn il neftin qiyməti 50 dollar/barel səviyyəsindən yuxarı qalxmayacaq. Hər şey Çin və digər üçüncü dünya ölkələrinin bazarlarının cari vəziyyətindən asılı olacaq. Əsas istehlak mallarının qiymətləri əsaslı şəkildə yüksələcək. Dünya ictimaiyyəti böhranı cilovlaya bilməsə, o xalqın hökumətə olan etimadının böhranına çevriləcək. Başqa sözlə desək: böhran – resessiya – depressiya. Nəticələr çox acınacaqlı ola bilər. Cinayətkarlıq və küçə iğtişaşları artacaq. Donmuş sosial-etnik problemlər kəskinləşəcək. Dövlətlərarası münasibətlərdə xaos başlayacaq ki, bu da dünya iqtisadiyyatında iqtisadi və siyasi tərkib hissələrin istiqamətinin dəyişməsinə gətirib çıxaracaq. ABŞ-da pul islahatı zərurəti yaranacaq. Hakim mövqeyə malik olan dollar dünya valyutası rolunu itirəcək. Bu şəraitdə bir çox şeylər yeni ABŞ administrasiyasının xarici və daxili siyasətdə hansı kursu tutacağından asılı olacaq. Bəs inkişaf etmiş dövlətlər böhranın aradan qaldırılması üçün nə edir? Onlar bazarda pul çatışmırsa, onları bura yönəltmək lazımdır prinsipi üzrə hərəkət edir. Bunun hansı üsulla – vergilərin azaldılması, əvvəllər ödənilmiş vergilərin istehlakçılara qaytarılması, mərkəzi banklar tərəfindən uçot dərəcəsinin endirilməsi, ƏDV dərəcəsinin azaldılması, bank və sığorta şirkətlərinə ucuz və irihəcmli kreditlərin paylanması yolu ilə ediləcəyinin fərqi yoxdur. ABŞ Federal Ehtiyat Sistemi ümumiyyətlə uçot dərəcəsini demək olar ki, sıfıra endirərək, pulların havayı paylandığı elan edib. Qeyd etmək lazımdır ki, FES bununla ABŞ-da pul islahatının başlanmasını elan edib (gəlin bütün borcları qısa zamanda ödəyək, sonra isə dolları defolt elan edək prinsipinə riayət etməklə).
Praktika göstərir ki, bu pulların çox hissəsi böhran şəraitində şirkətlərin risklərinin idarə olunmasına yönəldilir. Rusiya dərhal 568 mlrd. dollar, Çin - 1,74 trln. dollar, Yaponiya - 1,28 trln. dollar məbləğində stabilləşdirmə fondu toplayıb. Səudiyyə Ərəbistanının stabilləşdirmə fondu 890 mlrd. dollara bərabərdir. Azərbaycanın ehtiyat fondu isə 17 mlrd. dollardan artıqdır ki, bu da adambaşına 2,2 min dollar təşkil edir. Müqayisə üçün bildirək ki, Çində həcmi göstərici 1 260 dollara bərabərdir. Bu pullar risklərin sığortalanması üçün nəzərdə tutulub. Dövlət öz vətəndaşları qarşısında zəmanətçi rolunda çıxış edir və kəskin zərurət yarandıqda onları bazarın tənzimlənməsi üçün istifadə edir. Bəs nə üçün şirkətlər belə imkanları olanda bunu etməyiblər? Həm də son 10 il ərzində dünyanın minimum iki analoji böhran keçirdiyi bir vaxtda. Biznesi öyrənmək, risklərin sığortalanması üçün özünün stabilləşdirmə fondlarını yaratmağın vaxtı çoxdan çatıb.
Bəs insanlar hanı? Ölkənizin vətəndaşları (bazar münasibətlərinin tənzimlənməsi prosesində mühüm həlqə olan) antiböhran proqramında hansı yeri tutur? Aydındır ki, bu tədbirlər dolayısı ilə həyatı əmanətləri həmin banklarda olan, həmin sığorta şirkətlərində sığorta olunmuş insanlara da toxunur. Və burada əmanətlərə zəmanət verməklə çox da kömək etmək olmur. Heç bir əmanəti olmayanlar, güclə çörək pulu tapanların işi daha da çətin olacaq. Bu gün dünya əhalisinin yarıdan çoxu məhz bu kateqoriyaya aiddir. Təkcə ABŞ-da təxminən 10 milyon işsiz var və onların yalnız 30%-i işsizliyə görə müavinət alır. Böhranla bağlı problemlərin həllinə belə asanlıqla atılan heç bir təminatı olmayan pullar yalnız bir neçə ildən sonra qayıdaraq, özü ilə böyük problemlər gətirəcək ki, onları da hətta 5-10 il ərzində belə cilovlamaq mümkün olmayacaq. Yəni, böhranla mübarizənin bu metodunun ona sistemli xarakter verməsi aydın deyil? Böhranı doğuran səbəbləri aradan qaldırmaq əvəzində, onlar sadəcə maskalanır.
Demək olar ki, bazar iqtisadiyyatı indiki vəziyyətində artıq tükənib və müasir dünya üçün məqbul deyil. Dünya iqtisadiyyatının idarə olunmasının digər modelini işləyib hazırlamaq lazımdır. Başlıca rolu öz vətəndaşları qarşısında daha çox məsuliyyət daşıyan dövlətin oynadığı bir modeli. Nə üçün böhran zamanı mübarizənin ən təsirli üsullarından biri - cəmiyyət üçün sosial əhəmiyyətə malik olan şirkətlərin qismən milliləşdirilməsin? Praktika göstərir ki, dövlət iqtisadiyyatın özəl sektorunun idarə olunmasında iştirak etmirsə, bu sektorun nisbətən kiçik hissəsində pul kütləsinin konsentrasiyası baş verir. Bu subyektiv, lakin iqtisadiyyatın inkişafını olduqca çox ləngidən amildir. İqtisadiyyat birtərəfli inkişaf edir, pul sahibləri onları yalnız daha rentabelli layihələrin icrasına yönəldir. Lakin istənilən dövlət üçün sosial əhəmiyyət kəsb edən layihələr uzun illər gerçəkləşdirilməmiş qalır. Məsələn, kənd təsərrüfatı sektoru, kənd təsərrüfatında infrastruktur layihələri, yeyinti sənayesi üçün xammal tədarükü ilə bağlı layihələr, ölkənin ərzaq təhlükəsizliyini təmin edən layihələr. Bu arada isə, bütün bu layihələr kənd yerində yaşayan hər bir kəs üçün həyati əhəmiyyətə malikdir. Dövlət tərəfindən bütün mümkün dotasiyalar şəklində dəstək müəyyən stimul verir, lakin problemləri həll etmir. Bu pulların çox hissəsi isə qeyri-məqsədli istifadəyə məruz qalır. Düşünürəm ki, dövlət özəl biznesin qeyri-peşəkar rəhbərlərinin səhlənkarlıq və məsuliyyətsizliyini təşviq etməməli, əksinə, onları cəzalandıraraq, sosial rolu peşəkarlara həvalə etməli, həmin müəssisənin maliyyə təhlükəsizliyini təmin edərək, sahibkarın biznes idarəetməsini öyrəndikdən sonra dövlət payının satın alınması hüququnu saxlayaraq, bu cür başabəla biznesmenlərin sayını minimallaşdırmalıdır.
Azərbaycanın bu istiqamətdə təcrübəsi var. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanın dünya maliyyə böhranından öz iqtisadiyyatı üçün kifayət qədər ciddi dividentlər əldə etmək üçün bütün şansları var, çünki ölkəmiz hələ dünya maliyyə sistemindən o qədər də asılı deyil. Ölkə rəhbərliyi bir neçə il bundan əvvəl qeyri-neft sektorunun inkişafını iqtisadiyyatın prioritet inkişaf istiqaməti elan etməklə çox müdrik addım atıb. Bu hal indi öz müsbət nəticəsini verməlidir. Eləcə də, ölkənin son illər həyata keçirdiyi iri infrastruktur layihələri. Bu layihələr hazırda iqtisadiyyatın real sektorunun inkişaf planlarının həyata keçirilməsində lap yerinə düşür.
Beləliklə, dünya iqtisadi böhranı şəraitində Azərbaycan iqtisadiyyatı üçün əsas prioritet nədən ibarətdir. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi aşağıda sadalanan planların bir hissəsini artıq işə salıb.

Bununla yanaşı aşağıdakılar zəruridir:

a) xarici amillərdən irəli gələn risklərin kiçildilməsi üçün dünya valyutası – dollardan asılılığı maksimum azaltmaq. Belə bir sual yaranır: neftdən gələn dollarla nə etməli? Bu pulları və ya onların müəyyən hissəsini qarşılıqlı ödənin yolu ilə xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər tərəfindən satın alınan malların haqqının ödənməsinə yönəltmək olar. Bununla da dünya böhranı şəraitində iqtisadiyyatın bu mühüm istiqamətini stimullaşdırmaq mümkündür. Həmçinin, ərzaq təhlükəsizliyi çərçivəsində özümüzü təmin etmək üçün texnoloji avadanlığın alınması zəruridir;
b) dövlət iri şirkətlərin milliləşdirilməsi yolu ilə onların xarici borclarının ödənilməsində iştirak etməlidir, çünki onların müflisləşməsi cəmiyyətdə sosial problemlər yarada bilər. Burada təkrar maliyyələşdirmə az effektlidir. Bu borcları müəyyən diskontla almaq lazımdır, çünki dünya böhranı bu addım üçün əlverişli şərait yaradır. Bu cür şirkətlərin dövlət tərəfindən reanimasiyası ölkə daxilində iqtisadi iqlimin sağlamlaşdırılmasına gətirib çıxaracaq;
c) aqrar-sənaye potensialının bərpa olunması və artırılması yolu ilə respublikanın daxili iqtisadi ehtiyatlarını açmaq zəruridir:
– sahənin zəruri enerji ehtiyatları, su təchizatı, yol infrastrukturu, meyvə-tərəvəz bitkilərinin saxlanması üçün anbarlar və s. ilə təmin olunmasına yönəldilmiş aqrar-sənaye infrastruktur layihələrinin gerçəkləşdirilməsi;
– sərbəst torpaq ehtiyatlarının reanimasiyası və kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması;
– kənd təsərrüfatı sahələrinin məqsədli istifadəsinə dövlət nəzarətinin gücləndirilməsi;
– ölkədə bu sektorda böyük işçi qüvvəsi potensialının olduğunu nəzərə alaraq, heyvandarlıq sahəsinin inkişafı üçün güclü bazanın yaradılması (SSRİ-nin süqutundan sonra böyük heyvandarlar ordusu işsiz qalıb). Əhalinin bu hissəsi sosial baxımdan ən az müdafiə olunub, çünki onlar digər sektorlarda özünə yer tapa bilməyib və yaşamaq üçün vəsaitsiz qalıblar;
– qida məhsullarının istehsalı üçün xammal ehtiyatlarına dövlət inhisarının yaradılması. Bu ilk növbədə, əhalinin həyat fəaliyyətinin əsasını təşkil edən və ölkə iqtisadiyyatında sosial əhəmiyyətli istiqamət kimi birinci yeri tutan dənli bitkilərə aiddir. Bu halda dövlət həmin xammalı öz anbarlarında tədarük edə və ondan istifadə edə bilər. Dövlətin hazırda taxıl istehsalçılarına ödədiyi subsidiyalar arzu olunan nəticənin 50%-i həcmində Faydalı İş Əmsalına (FİƏ) malikdir. Lakin bu pullar istehsalçılara dövlət saxlancına verilmə zamanı hər bir ton taxıl üçün əlavə ödəniş kimi ödənilsəydi, FİƏ 100%-ə çatardı;
– ölkənin müxtəlif regionlarında ən qabaqcıl texnologiyalar əsasında dünya standartlarına uyğun qida məhsulları və xalq istehlakı mallarının istehsalı üzrə müəssisələrin tikintisi ilə məşğul olacaq dövlət səhmdar cəmiyyətinin yaradılması (ÜTT-yə daxil olmaq üçün platformanın yaradılması). Özəl sektorun bu prosesdə öz maliyyə vəsaiti ilə səhmdar kimi iştirakı mümkündür. Dövlət isə sonradan payını fərdi səhmdarlara sata bilər. Həmçinin, dövlət köhnəlmiş avadanlığı olan köhnə müəssisələri də qismən milliləşdirə bilər;
ç) böhran şəraitində kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə stimullaşdırılmasını davam etdirmək;
d) əhalinin sosial baxımdan müdafiə olunmamış təbəqələrinə ünvanlı yardımın göstərilməsi üzrə antiböhran tədbirlər planının işlənib hazırlanması;
e) səhiyyə və təhsil sahəsində subsidiyalaşdırma və təşviqetmə. Regionlarda bu sahələrin inkişafına yönəldilmiş layihələrə sponsorluq etməsinə görə iri şirkətlərə vergi, gömrük və digər güzəştlər təqdim etməklə;
f) dünya praktikasında mövcud olan təcrübəni nəzərə almaqla, dərman preparatları və qida məhsullarının istehsalını stimullaşdırmaqla sərbəst iqtisadi zonaların yaradılması planlarının işlənib hazırlanması. Yüksək texnologiyalarla bağlı layihələrin prioritet istiqamət kimi müəyyənləşdirilməsi.
Beləliklə, antiböhran proqramının həyata keçirilməsi üzrə kompleks tədbirlər Azərbaycana nəinki dünya böhranının ağır nəticələrindən yayınmağa, hətta özü üçün böyük səmərə əldə etməklə, iqtisadiyyatı dünya standartları səviyyəsinə qaldırmağa imkan verəcək.

«Bizim Vətən» İnformasiya Mərkəzinin direktoru
Köçəri Həsənov xüsusi olaraq «APA-Economics» üçün
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR