Bank Of Baku

Azərbaycanda bank aktivlərinin ÜDM-ə nisbəti azalır

Azərbaycanda bank aktivlərinin ÜDM-ə nisbəti azalır
# 25 dekabr 2008 08:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin ümumi həcminin ÜDM-ə nisbəti 2008-ci ilin dekabr ayının 1-nə 28,5% təşkil edib. Son bir ildə bu göstərici 1,1 faiz bəndi, noyabr ayında isə 2,1 faiz bəndi azalıb. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin sonunda bank aktivlərinin ÜDM-ə nisbəti 26,7%-ə bərabər olub.
Bu göstəricinin azalması bankların ölkə iqtisadiyyatında payının azalmasını əks etdirir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bank aktivlərinin həcmi ÜDM-i 1,5-2 dəfə üstələyir. İnkişafda olan ölkələrdə isə bu göstərici 60-70% təşkil edir. Azərbaycanda aktivlərin ÜDM-ə nisbətinin aşağı səviyyədə olması bir neçə amillə izah olunsa da, bu, birmənalı şəkildə bank sektorunun ölkənin ümumi iqtisadi artımı ilə müqayisədə daha zəif olması ilə bağlıdır. Belə ki, Azərbaycanda ÜDM-in böyük hissəsi neft-qaz sektoruna aiddir ki, burada bank sektorunun iştirakı yox dərəcəsindədir.
Bununla yanaşı, hazırda bankların gəlir gətirən aktiv əməliyyatların əksər hissəsi kreditləşmə ilə bağlıdır ki, onun da öz növbəsində təxminən 40%-i istehlak kreditlərinin payına düşür. Yəni, bu həcm əlavə dəyərin yaradılmasında iştirak etmir. Beləliklə, bank aktivlərinin real iqtisadiyyatda rolunun aşağı olması həmçinin bankların daxili kredit siyasətindən irəli gəlir.
Eyni zamanda, bank aktivlərinin illik artımı 60%-dən çoxdur, kreditləşmənin illik artımı 59%-ə bərabərdir. Yəni, bankların qeyri-fəal olduğunu demək mümkün deyil. Lakin kreditləşmənin və aktivlərin strukturunu nəzərə alsaq, bank vəsaitlərinin əlavə dəyərin yaradılmasında, istehsalatda və ümumilikdə iqtisadiyyatda hələ də aşağı səviyyədə iştirak etdiyini söyləmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR