Bank Of Baku

Azərbaycanda bank passivlərinin yalnız 18%-i əhalinin əmanətləridir

Azərbaycanda bank passivlərinin yalnız 18%-i əhalinin əmanətləridir
# 25 dekabr 2008 14:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda əhalinin yerləşdirdiyi əmanətlərin məcmu passivlərin strukturunda xüsusi çəkisi 2008-ci ilin dekabrın 1-nə 18,2% təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici son bir ildə 4,1 faiz bəndi azalıb. Eyni zamanda, cari ilin əvvəlində əmanətlər passivlərin 21,8%-nə bərabər olub.
Beləliklə, bu göstəricinin tədricən azalması müşahidə olunur. Qeyd edək ki, banklarda yerləşdirilən əhalinin əmanətlərinin mütləq ifadədə olan həcmindən və bu göstəricinin tendensiyasından başqa, əmanətlərin passivlərdə xüsusi çəkisi əhalinin bank sisteminə olan etibarlığını əks etdirən vacib bir göstəricidir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, həmin göstəricinin azalması aktivlərin artım tempinin əmanətlərin artım tempini üstələdiyini də əks etdirir. Adətən, fiziki şəxslərin əmanətlərinin passivlərdə xüsusi çəkisi 30%-dən az olmayanda normal hesab edilir.
Əmanətlərin passivlərdə böyük paya malik olması bankların uzunmüddətli resurs bazasının geniş olduğunu göstərir, çünki əmanətlərin əsas hissəsi tələb olunanadək deyil, müddətli vəsaitlərin payına düşür. Azərbaycanda bankların uzunmüddətli resurs bazasının kiçik olması bank ictimaiyyəti tərəfindən etiraf olunur və bu amil bankların real sektoru çox kiçik həcmdə kreditləşdirməsinin əsas səbəbi kimi qiymətləndirilir. Həmçinin, bank əmanətlərinin miqdarının böyük olması bankların likvidliyin idarə edilməsinə mühüm rol oynayır, çünki bankların cəlb etdiyi və yerləşdirdiyi vəsaitlərin məbləğ və müddət baxımından tarazlaşdırılması bu prosesin əsas tələblərindən biridir.
Ümumilikdə, Azərbaycanda bank əmanətlərinin həcmi və onların artım tempi məqbul həddə olsa da, əmanətlərin passivlərdə xüsusi çəkisi göstəricisi hələ də aşağı səviyyədədir. Bu da bankların aktiv əməliyyatları əsasən digər mənbələr hesabına apardığını göstərir ki, həmin mənbələr əmanətlərdən daha qısamüddətli və qaytarma ehtimalı baxımından daha riskli fondlaşma mənbələridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR