Bank Of Baku

Azərbaycanda ötən il dollar 5%, avro isə 9% ucuzlaşıb

Azərbaycanda ötən il dollar 5%, avro isə 9% ucuzlaşıb
# 05 yanvar 2009 14:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, 2008-ci il ərzində dolların məzənnəsi 0,8453 manatdan 0,8010 manatadək enib.
Eyni zamanda, avronun manata qarşı ucuzlaşması 9,29% təşkil edib - yanvarın əvvəlində məzənnə 1,2448 manata, dekabrın 30-da isə 1,1292 manata bərabər olub. Ümumilikdə, 2008-ci il ərzində avronun manata qarşı məzənnəsinin tendensiyası dolların tendensiyasından daha dəyişkən olub:




Göründüyü kimi, noyabrın sonunda avronun manata qarşı bahalaşması başlanıb ki, bu da dünya bazarlarında müşahidə olunan hadisələrin birbaşa əksidir. Ümumiyyətlə, Azərbaycanda dollar/manat və avro/manat məzənnələrinin formalaşmasında xarici amillər əsas rol oynayıb. Belə ki, dolların avroya qarşı məzənnəsi Azərbaycanda bivalyuta səbəti prinsipini nəzərə almaqla dollar və avronun manata qarşı məzənnəsində dərhal öz əksini tapır. Dünya bazarlarında məzənnə siyasətində mövcud olan səbəblər və tendensiyalar Azərbaycana da «köçürülür». Xatırladaq ki, ötən ilin noyabr ayınadək dünya maliyyə böhranı nəticəsində dolların avroya qarşı yüksəlməsi müşahidə olunub və buna əsas səbəb investorların riskli aktivləri sataraq dollar kütləsi və ABŞ-ın xəzinədarlıq borc qiymətli kağızlarını almasına yönəltməsi olub. Makroiqtisadi amillər isə eyni miqyasda həm ABŞ-ın, həm də Avrozonanın valyutaları üçün əlverişsiz olub ki, investorlar ABŞ-da və Avropada yeni makroiqtisadi xəbərləri gündəlik izləyərək müvafiq qərarlar qəbul edirdi. Nəticədə, maliyyə bazarlarında qısamüddətli mövqelər üstünlük təşkil edib. Yekunda qeyd etmək olar ki, Avropanın makroiqtisadi göstəriciləri ABŞ-ın analoji göstəricilərdən daha üstün olub və bunun təsiri ilə IV rübdə investorların avroya qayıtması müşahidə edilib. Eyni zamanda, dünya iqtisadiyyatının bərpa ehtimalları, hökumətlərin aparıcı iqtisadi subyektlərin maliyyə baxımından dəstəkləməsi və bu kimi s. amillər investorların fond bazarlarına qayıtmasını təmin edib, həmçinin əvvəllər alınmış dollar kütləsinin konvertasiyası nəticəsində dolların ucuzlaşması baş verib.
Hazırda hətta yaxın perspektiv üçün hər hansı məzənnə proqnozunu səsləndirmək düzgün olmazdı, çünki dollar/avro qarşıdurması yeni ABŞ administrasiyasının ilkin iqtisadi və böhrana qarşı addımlardan asılı olacaq ki, onları da proqnozlaşdırmaq çətindir. Eyni zamanda, yeni administrasiyanın ABŞ iqtisadiyyatını pulla təmin edəcəyi ehtimalı böyükdür ki, bu da dolların ucuzlaşması ilə nəticələnə bilər. Həmçinin, ABŞ-ın dövlət borcunun tarixi maksimuma çatması dollara olan təzyiqi gücləndirir. ABŞ-ın əsas kreditoru olan Çinin yaxın gələcək üçün atacağı addımlarını proqnozlaşdırmasının çətin olması isə dolların taleyini daha da qeyri-müəyyən edir.
Digər tərəfdən, Azərbaycan iqtisadiyyatında, bank və pərakəndə hesablaşmalarda, xarici ticarət, mal və kapital dövriyyəsində dolların mühüm yer tutması Milli Bank tərəfindən dolların kəskin ucuzlaşmasına yol verilməyəcəyini əminliklə söyləmək olar. Əvəzində, bivalyuta prinsipinə əsaslanaraq avronun manata qarşı bahalaşması daha gözləniləndir, çünki avronun Azərbaycan iqtisadiyyatında və hesablaşmalarda rolunun artmasına baxmayaraq, avro hələ də dolların «səviyyəsinə» çatmayıb. Bununla belə, müxtəlif ölkələr və regionlar tərəfindən artıq dollardan imtina etməsi və ya avroya keçməsi, ya da öz regional vahid valyutasının yaradılması barədə məlumatlar tədricən rəsmi xarakter almaqdadır. Bu proses dollar həddindən artıq yüksək dərəcədə ucuzlaşacağı təqdirdə preventiv addım kimi qiymətləndirilə bilər və istisna olunmur ki, Azərbaycan da həmin tendensiyalar və proseslərdən kənarda qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR