Bank Of Baku

Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 30% artıb

Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 30% artıb
# 22 yanvar 2009 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda kommersiya hüquqi şəxslərin «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınması sisteminin tətbiqinin bir illiyi, 195 saylı pulsuz telefon xidmətinin beş illiyi və elektron kitabxananın tətbiqinə dair Vergilər Nazirliyindən bu gün mətbuat konfransı keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Vergilər Nazirliyinin mətbuat katibi Fariz Səmədov ötən il vergi daxilolmaları üzrə proqnozun artıqlaması ilə icra olduğunu bildirib və qeyd edib ki, 2008-ci ildə elektron bəyannamələrin tətbiqinin genişləndirilməsi və kommersiya hüquqi şəxslərin «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmasına başlanılıb.
Konfransda çıxış edən Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə bildirib ki, ötən müddət ərzində 44 272 biznes subyekti qeydiyyatdan keçib və onlardan 6 471 nəfəri hüquqi şəxsdir: «Ötən il ərzində qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 2007-ci illə müqayisədə 30% artıb». Bir ildən artıq fəaliyyət göstərən «bir pəncərə» sisteminin əhəmiyyətindən danışan Z.Fətizadə həmçinin qeyd edib ki, ölkənin vergi sahəsində aparılan islahatlar Azərbaycanın Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanan «Biznesin aparılması-2009» («Doing Business-2009») hesabatında böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlməsinə imkan verib.
Z.Fətizadə həmçinin bildirib ki, «bir pəncərə» sisteminin tətbiqindən sonra qeydiyyat proseduralarının (biznesə başlama) sayı 13-dən 5-dək, buna sərf edilən müddət isə 53 gündən 7 günədək, o cümlədən sırf qeydiyyatın aparılmasına sərf olunan vaxt 3 günədək azaldılıb. Baş idarə rəisinin sözlərinə görə, ötən müddət ərzində qeydiyyata alınanların 32,7%-i xidmət sahəsi, 27%-i tikinti kompleksi, 7,1%-i sənaye sektorunda fəaliyyət göstərən, 8%-i isə xarici investisiyalı müəssisələr olub: «Qeydiyyatdan keçənlərin 63%-i Bakı şəhər Vergilər Departamentində qeydiyyata alınıb».
«Bir pəncərə» prinsipi ilə qeydiyyata alınan kommersiya hüquqi şəxslərin təxminən 63%-nin paytaxtın payına düşdüyünü vurğulayan Bakı şəhər Vergilər Departamentinin Kommersiya İdarəsinin rəisi Nigar Alimova İdarənin funksional fəaliyyəti barədə ətraflı məlumat verərək qeyd edib ki, ötən müddət ərzində həm kommersiya hüquqi şəxslərin operativ şəkildə qeydiyyata alınması, həm qeydiyyat üçün qanunvericiliklə tələb olunan sənədlər barədə məlumatlandırılması, həm də onları maraqlandıran bütün sualların cavablandırılması üçün şərait yaradılıb.
Tədbirdə çıxış edən Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədov isə bildirib ki, 195 saylı telefon məlumat xidməti 2003-cü ilin dekabr ayından fəaliyyət göstərir və burada başlıca məqsəd vergi ödəyicilərinin müraciətlərinin müasir tələblərə uyğun cavablandırılması, vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almalarından ibarətdir. İdarə rəisi 2006-cı ilin may ayından etibarən bu xidmətin ölkənin bütün bölgələrini əhatə etdiyini vurğulayıb.
E.Məmmədovun sözlərinə görə, 2008-ci ildən vergi ödəyicilərinin «bir pəncərə» prinsipi ilə əlaqədar suallarının cavablandırılması, vergi borcunun öyrənilməsi, vergi hüquqpozmaları barədə şikayət və məlumatların qəbulu, operativ baxılması üçün araşdırmaya yönəldilməsi üçün yeni xidmət menyuları da açılıb.
E.Məmmədov həmçinin qeyd edib ki, 2008-ci il ərzində telefon xidmətinə ümumilikdə 319 439 müraciət daxil olub, bundan 251 995-i operator (Azərbaycan, rus və ingilis dillərində), 67 444-ü isə birbaşa mütəxəssislər tərəfindən cavablandırılıb. İdarə rəisinin sözlərinə görə, ötən il ərzində Telefon Mərkəzinə 141 şikayət daxil olub və operativ qaydada araşdırılaraq, nəticəsi barədə şikayətçilərə məlumat verilib: «Ötən il 67,5 min canlı müraciət olub ki, orta hesabla hər ay 5 min müraciət edilib».
Tədbirdə elektron kitabxana haqqında məlumat verən F.Səmədov kitabxanaya vergi sahəsinə dair məlumatların, xarici ölkələrdə vergi sahəsində həyata keçirilən islahatlar və beynəlxalq təcrübəyə dair təhlil materiallarının daxil edildiyini də bildirib: «Kitabxanada materiallar Azərbaycan, ingilis və rus dillərindədir. Hələlik elektron kitabxanadan yalnız vergi xidməti əməkdaşları istifadə edə bilir. Lakin gələcəkdə vergi ödəyiciləri və digər şəxslər üçün də istifadə imkanlarının yaradılması planlaşdırılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR