Bank Of Baku

Dünya vahid valyutasının yaradılması real deyil

Dünya vahid valyutasının yaradılması real deyil
# 29 yanvar 2009 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə və iqtisadi böhranlarının təhlili nəticəsində dünyada vahid valyutanın yaradılması ilə bağlı fikirlər yenidən gündəmə gəlib. «APA-Economics»in məlumatına görə, bu fikirlər hələlik müstəqil iqtisadçılar tərəfindən səslənilsə də, onların siyasi baxımından rəsmiləşdirilməsi istisna olunmur. Bunun səbəbi dünya iqtisadiyyatının bir ölkənin valyutasından asılılığının təhlükəli olması ilə bağlıdır.
Eyni zamanda, bütün iqtisadçılar qeyd edirlər ki, dünya maliyyə sisteminə az dərəcədə inteqrasiya olunan ölkə və bazarlara böhranın təsiri çox kiçik olub, bu da dolayısı ilə bu bazarlarda dövlətin tənzimləmə səviyyəsinin ABŞ və Avropa bazarlarından daha genişmiqyaslı olmasının nəticəsidir. Yəni, dünyanın bir hissəsi, əsasən inkişafda olan ölkələr öz daxili maliyyə sistemlərində yeritdiyi sərt dövlət tənzimləmə və nəzarət mexanizmlərinə əsaslanan pul-kredit və büdcə siyasəti nəticəsində böhranı ən kiçik səviyyədə hiss edib. Bu fonda bütün beynəlxalq və ikitərəfli hesablaşmaları və ticarəti özünə tabe edən vahid valyutanın yaradılması ideyası məntiqsizdir.
Bundan əlavə və ən əsası, dünya vahid valyutasının emissiyası və ümumilikdə onun çərçivəsində aparılan pul-kredit siyasətinin kim tərəfindən müəyyən edilib həyata keçiriləcəyi, kimin və hansı qüvvələrin siyasi maraqlarına xidmət edəcəyi aydın deyil. Vahid valyutanın yaradılması ilə bağlı bir neçə variantın olmasına baxmayaraq, bu suallar hələ də cavabsız qalıb. Məsələn, bir varianta əsasən, vahid valyuta dollar-avro-iyen səbətinə əsaslanaraq yaradılır və onun bu valyutalardan dolayı asılılığı qüvvədə qalır. Digər varianta əsasən, onun ölkələrin daxili qızıl ehtiyatlarının həcminə əsaslanaraq yaradılması təklif olunur ki, bu da ölkələrin vahid valyutanın yaradılmasında iqtisadi və ardınca siyasi şərti iştirakın müəyyən edilməsində natarazlıq və ədalətsizlik yarada bilər.
Hazırda İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun gedişində bilavasitə dünya vahid valyutasının yaradılması barədə fikir və təkliflər səslənməsə də, dünya iqtisadiyyatında dollarlaşma səviyyəsinin azaldılması və dünyada əsas ehtiyat valyutalarının emitenti olan ölkələrin daha şəffaf və beynəlxalq makroiqtisadi və maliyyə maraqlarına əsaslanan pul-kredit siyasəti aparması təklif edilir. Eyni zamanda, ən radikal mövqelər beynəlxalq ehtiyat valyutasının yaradılmasını nəzərdə tutur. Lakin yuxarıda qeyd olunan və hələ də aşkarlanmayan amil və maneələrə görə, yaxın bir zamanda dünya vahid valyutasının yaradılması real görünmür. Ölkələrin milli strateji ehtiyatlarında 60-65%-ə paya malik olan ABŞ dolları hələ də öz mövqelərini qoruyub saxlayacaq. Eyni zamanda, böhranın Avrozonaya təsiri indikindən daha yumşaq olsaydı, dünya ehtiyat valyutası qismində dolların avro ilə əvəzlənməsi mümkün olardı, lakin hazırda Avropa iqtisadiyyatı ABŞ-dakından heç də yaxşı olmadığına görə, bu ideyanın da reallaşmasını mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR