Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 881,6 mln. manat və ya ümumi investisiyanın 79,8%-i, qeyri-dövlət müəssisələri 222,9 mln. manat və ya 20,2%-i qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,1% artaraq 828,8 mln. manata çatıb. İstehsal təyinatlı obyektlərin inşasında 1,004 mlrd. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 100,5 mln. manatlıq investisiyadan istifadə edilib.
Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, əsas kapitala yönəldilmiş vəsaitin 83,9%-ni daxili, 16,1%-ni isə xarici investisiyalar təşkil edib. Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 98% üstələyib. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 92,4%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 7,6%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.
Cari ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4,718 mlrd. manat vəsait nəzərdə tutulub. İlin ilk iki ayı ərzində bu vəsaitin 640 mln. manatından istifadə edilib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 322,2 mln. manat (ümumi investisiyanın 29,2%-i), bank kreditləri 37,1 mln. manat (3,4%), büdcə vəsaitləri 640,6 mln. manat (58%), büdcədənkənar fondların vəsaitləri 82,9 mln. manat (7,5%), əhalinin şəxsi vəsaitləri 21,6 mln. manat (1,9%), digər vəsaitlər isə 0,1 mln. manat təşkil edib.
Bundan başqa, 2009-cu ilin yanvar-fevral ayları ərzində əsas kapitala yönəldilmiş bütün investisiyanın 35,6%-i sənaye sahələrinin inkişafına, 3%-i kənd təsərrüfatına, 0,1%-i ticarət və xidmətə, 50,2%-i nəqliyyata, 0,5%-i rabitəyə, 3,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 3,1%-i mənzil tikintisinə), 1,3%-i dövlət idarəetməsinə, 1,5%-i tikintiyə, 1,8%-i səhiyyəyə, 0,8%-i təhsilə, 2%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
Cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 832,8 mln. manatı (75,4%) qeyri-neft bölməsinin, 271,7 mln. manatı (24,6%) neft bölməsinin inkişafında istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın həcmi 2,2 dəfə artıb.
Qeyd edək ki, 2009-cu ilin yanvar-fevral aylarında Bakıda Beynəlxalq Avtovağzal Kompleksi, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 130,1 min kv. metr olan yeni yaşayış evləri, 96 şagird yerlik ümumtəhsil məktəbi, Bərdə rayonunda Müalicə Diaqnostika Mərkəzi istifadəyə verilib.
Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisiyanın strukturu (%-lə):