Göründüyü kimi, avro və dolların manata qarşı məzənnələrinin dəyişməsi tam əks istiqamətdə olub. Qeyd edək ki, martın əvvəlindən Azərbaycanda avronun manata qarşı artımı üçün hər hansı fundamental əsas olmayıb və bu, yalnız dünya bazarlarında baş verən proseslərlə bağlıdır. Xatırladaq ki, son bir neçə gün ərzində avronun dollara qarşı nəzərə çarpan dərəcədə artasım müşahidə olunur. Hətta avronun dollara qarşı dünənki məzənnəsi cüzi fərqlə məhz yanvarın 12-də müşahidə olunub (1 avro/1,3441 dollar və 1 avro/1,3325 dollar).
Son günlər müşahidə olunan avronun dollara qarşı yüksəlməsi əsasən ABŞ-ın fond bazarlarında yüksəlmə tendensiyaları ilə bağlıdır. Belə ki, ABŞ-ın fond bazarlarında martın 11-dən dünənə kimi Dow Jones indeksi 8%, S&P 500 indeksi 10,1%, Nasdaq indeksi isə 8,7% artıb. Həmin müddət ərzində dollar avroya qarşı 4,7% ucuzlaşıb.
Qeyd edək ki, böhran başladıqdan sonra Amerika fond bazarında indekslərin dəyişməsi və dolların avroya qarşı dəyişməsi tam əksinə olub. Yəni, fond bazarlarında canlanma şəraitində dollar ucuzlaşır və bunun əsas səbəbi ondan ibarətdir ki, investorlar böhrana görə dollara çevrilmiş vəsaitləri yenidən riskli aktivlərə, xüsusən də səhmlərə yönəldir. Bu fakt artıq bütün müşahidəçilər və analitiklərin diqqətini cəlb edib və fond bazarlarında böhran tendensiyaları dolların yüksəlməsi ilə birbaşa əlaqələndirilir. Nəticədə, dünyanın digər əsas valyutası olan avronun məzənnəsinin əvvəl dünya bazarlarında, sonra isə Azərbaycanın daxilində yüksəlməsi baş verir.