Bank Of Baku

Azərbaycan banklararası pul bazarında milli valyutada kreditlər üzrə faiz dərəcələri yüksəlir

Azərbaycan banklararası pul bazarında milli valyutada kreditlər üzrə faiz dərəcələri yüksəlir
# 10 aprel 2009 11:23 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Son bir həftə ərzində (aprelin 6-10-da) Azərbaycan banklararası pul bazarında milli valyutadakı kredit vəsaitləri üzrə orta faiz dərəcələrinin artımı davam edib.

«APA-Economics»in Bakı Banklararası Valyuta Birjasının (BBVB) məlumatlarına istinadən verdiyi xəbərə görə, hesabat dövründə banklararası manat kreditləri üzrə vəsaitlərin yerləşdirmə dərəcələri orta hesabla 1,04 faiz bəndi qalxıb, halbuki əvvəlki həftə ərzində artım 0,89 faiz bəndinə bərabər olub. Bu həftə faiz dərəcələri 7, 30, 90 və 180 günlük manat kredit alətləri üzrə artıb. Nəticədə, pul bazarının əsas indikatorlarından biri sayılan 90 günlük BakİBOR əmsalı illik 15,88% təşkil edib.

Milli valyutadakı vəsaitlərin təklif olunması üzrə dərəcələrin artması ilə bərabər, ötən həftə ilə müqayisədə bankların mütəşəkkil pul bazarında manat vəsaitlərinin cəlbetmə dərəcələri də yüksəlib. Belə ki, müxtəlif kredit alətləri üzrə artım orta hesabla 1,08 faiz bəndi təşkil edib. Bu zaman 90 günlük kreditlər üzrə BakİBİD pul indikatoru illik 10,45%-ə çatıb. Nəticədə, pul bazarında ən çox işlənilən kredit faiz dərəcəsi (often used) - 90 günlük kreditlər üzrə illik 12,91%-dən 13,17%-ə qalxıb. Ümumi hesabda isə manat vəsaitlərinin yerləşdirmə və cəlbetmə dərəcələri arasında fərq 5,43 faiz bəndi təşkil edib.

Qeyd edək ki, bankların faiz dərəcələri birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) göstəricilərində əksini tapıb.

Xatırladaq ki, Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi mart ayının əvvəlində 3%-ə salınıb. Qlobal iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar son bir neçə ay ərzində ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması məqsədi ilə Azərbaycan Milli Bankı təkrar maliyyələşdirmə dərəcəsini beş dəfə azaldıb.

BakİBOR və BakİBİD - pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir. Bu indikatorların hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi dərəcələri əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR