Bakıda Azərbaycan–Litva dostluğu və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, tədbir Azərbaycan və Litva Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu çıxış edərək bu kimi tədbirlərin xalqların bir-birini daha yaxşı anlamasına mühüm töhfə verdiyini vurğulayıb.
Mikayıl Müşfiqin ailə üzvləri bu cür tədbirlərin gənc nəslin maarifləndirilməsində rolunu qeyd ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan və Litva xalqları tarix boyu oxşar talelər yaşayıb, xüsusilə XX əsrdə siyasi repressiyaların ağır nəticələri ilə üzləşib.
Repressiya qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Sözün represiyası” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, həmçinin Litva səfirliyi tərəfindən hazırlanmış videoçarx təqdim olunub.
Tədbirdə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid kimi görkəmli ədiblərin taleyindən danışılıb, eyni zamanda, Litva tarixində repressiya qurbanı olmuş tanınmış şəxsiyyətlər yad edilib.