Bank Of Baku

Azərbaycan İpoteka Fondu beynəlxalq reytinq alıb

Azərbaycan İpoteka Fondu beynəlxalq reytinq alıb
# 28 oktyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fonduna (AİF) yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə stabil proqnozlu «BB» kredit reytinqi verib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, bu reytinq AİF-in maliyyə stabilliyi, sağlam kredit portfelinə malik olması və yüksək ödəniş qabiliyyətinin göstəricisidir.

Belə ki, Azərbaycan İpoteka Fondunun kredit reytinqi Azərbaycan Respublikasının ölkə reytinqindən (BB+) cəmi bir pillə aşağıdır. «Fitch Ratings» agentliyinin məlumatında bu bilavasitə Fonda göstərilən dəstək mexanizmlərinin mövcud səviyyəsi ilə izah edilir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir qayda olaraq beynəlxalq reytinq agentlikləri tərəfindən təşkilatlara verilən reytinqlərin yuxarı həddi ölkə reytinqi ilə məhdudlaşır.

«Fitch Ratings»in rəsmi məlumatına əsasən, AİF müvəkkil kredit təşkilatları vasitəsilə əsasən aşağı və orta gəlirli Azərbaycan ailələrinə bazar faiz dərəcələrindən aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsini təmin edir. Bu kredit reytinqi dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunu əks etdirir. Eyni zamanda qeyd edilir ki, Azərbaycanın ölkə reytinqinin dəyişməsi avtomatik olaraq Fondun da reytinqinin dəyişməsinə səbəb olacaq.

Cari ilin avqust ayına dövlət büdcəsindən alınmış Fondun məcmu vəsaitlərinin həcmi 72,4 mln. manata bərabər olub. Agentlik qeyd edir ki, Fondun yaradılmasından sonra, yəni 2006-cı ildən AİF-in uzunmüddətli mənzil ipoteka portfelinin kəskin artması və 2008-ci ilin sonuna kimi 59,6 mln. manata çatması müşahidə olunub. Ümumilikdə isə 2009-cu ilin avqust ayına Fondun məcmu portfeli 81,4 mln. manata çatıb.

Agentlik vurğulayır ki, Azərbaycan İpoteka Fondu 2009-cu ildə kapital bazarından vəsait cəlb etməyə başlayıb və təmin edilmiş istiqrazların yerləşdirilməsi nəticəsində Fondun maliyyə borcu cari ilin sonuna kimi 55 mln. manata çatacaq. Agentliyin proqnozuna görə, Fondun fəaliyyətinin genişləndlirilməsi nəticəsində 2009-2010-cu illərdə AİF-in maliyyələşməyə olan ehtiyacı 150 mln. manat təşkil edə bilər.

Beynəlxalq kredit reytinqinin alınması AİF-ə gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə ipoteka kreditləşməsinin davamlılığı və fasiləsizliyini təmin etməyə zəmin yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR