Bank Of Baku

«Paşa Sığorta» daha bir bankın tibbi sığortaçısı seçilib

«Paşa Sığorta» daha bir bankın tibbi sığortaçısı seçilib
# 30 oktyabr 2009 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti «DəmirBank» Səhmdar Kommersiya Bankının (SKB) 2009-2010-cu illər üçün korporativ tibbi sığortaçısının seçilməsi üzrə keçirilən tenderin qalibi olub.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı şirkətlə bank arasında müvafiq müqavilə də imzalanıb. Müqavilə «DəmirBank»ın İdarə Heyətinin sədri Roman Əmircanov və «Paşa Sığorta»nın İdarə Heyətinin sədri Nofəl Rzayev tərəfindən imzalanıb. Müqaviləyə əsasən, «Paşa Sığorta» şirkəti Bakı və bankın filial şəbəkəsinin yerləşdiyi digər inzibati rayonlarda yaşayan 500-dən artıq bank və inzibati personalı sığortalayacaq.

Qeyd edək ki, bununla da şirkətin tibbi sığorta üzrə sığortaladığı bankların sayı («Bank Respublika», «Access Bank», «Paşa Bank», «Bank of Baku» və «Bank Avrasiya») 6-ya çatıb.

«Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edir. Hazırda şirkət 4 icbari və 25 könüllü sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «DəmirBank» SKB 1989-cu ildə «Azərdəmiryolbank» kimi yaradılıb və bu ilin oktyabr ayında bankın brendi dəyişdirilib. Bankın nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR