Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində hesabat yığıncağı keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində hesabat yığıncağı keçirilib
# 02 noyabr 2009 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) cari ilin 9 ayının yekunlarına dair hesabat yığıncağı keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncağa sədrlik edən QKDK-nın sədri Rüfət Aslanlı hesabat dövründə dünyada və Azərbaycanda baş verən qlobal iqtisadi proseslərə dair geniş məlumat verərək qeyd edib ki, Azərbaycanda həyata keçirilən tarazlı sosial-iqtisadi strategiya və səmərəli islahatlar proqramı nəticəsində ölkə iqtisadiyyatının inkişafı uğurla davam edib, dünya maliyyə böhranın ölkə iqtisadiyyatına təsiri minimuma endirilib. R.Aslanlı həmçinin bildirib ki, ötən dövr ərzində ölkədə ÜDM-in artım tempi 6,1%, sənaye istehsalı 5%, kənd təsərrüfatı istehsalı 3% artıb, həmçinin, ölkədə investisiya aktivliyi davam edərək, əsas kapitala investisiyalar 5,2 mlrd. manata çatıb.

QKDK sədri qeyd edib ki, cari ilin 9 ayı ərzində ölkədə inflyasiya səviyyəsi 2,1% təşkil edib, əhalinin pul gəlirləri 10% artıb, orta əmək haqqı səviyyəsi isə 15%-dən çox artaraq 370 ABŞ dolları təşkil edib. R.Aslanlı həmçinin, ölkənin qiymətli kağızlar bazarında ötən dövr ərzində baş verən müsbət tendensiyalara toxunaraq, hesabat dövrünün yeni alətlərin bazara daxil edilməsi baxımından əlamətdar olduğunu qeyd edib.

Sonra QKDK-nın tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdir əvəzi Natiq Mustafayev tərəfindən hesabat dövründə beynəlxalq və yerli bazarlarda baş verən mühüm hadisələr, qlobal və yerli iqtisadi göstəricilərin inkişaf meylləri barədə yığıncaq iştirakçılarına geniş məlumat təqdim edərək bildirib ki, hesabat dövründə korporativ qiymətli kağızlar bazarında ümumi iqtisadiyyatın və maliyyə sektorunun artımını üstələyən dinamika müşahidə olunub. Belə ki, bu dövrdə korporativ qiymətli kağızlar bazarı 11,2% artıb, səhmlərin ilkin yerləşdirilməsində isə 3,1% artım müşahidə olunub.

Bundan sonra QKDK Aparatının rəhbəri Mehman Abbas hesabat dövründə Komitənin fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib. M.Abbas öz çıxışında institusional quruculuğa dair hüquqi-normativ və təşkilati tədbirlər, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə islahat gündəliyi, eləcə də, cari funksional səlahiyyəti çərçivəsində QKDK tərəfindən ötən dövr ərzində həyata keçilən tədbirlərə dair yığıncaq iştirakçılarına geniş məlumat verib.

Sonra Milli Depozit Mərkəzi (MDM) İdarə Heyətinin sədri Bəxtiyar Əzizov çıxış edərək ötən dövr ərzində MDM tərəfindən görülən işlərə dair məruzə edib və bildirib ki, qabaqcıl korporativ idarəetmə, effektiv əməliyyat, risk menecmenti prinsiplərinin MDM-də bərqərar olunması və MDM-in müştərilərinə xidmət marşrutlarının sadələşməsi və debürokratizasiyanın təmin edilməsi məqsədilə cari ilin 9 ayı ərzində yeni təşkilati struktur və əməliyyat proseduraları hazırlanaraq həyata keçirilib.

Çıxışlar yekunlaşdırıldıqdan sonra, struktur bölmələrin fəaliyyəti ilə əlaqədar müzakirələr təşkil edildi və müzakirənin nəticəsi olaraq, QKDK sədri tərəfindən struktur bölmələr üzrə ötən hesabat dövründə görülən işlərin nəticələrinə uyğun olaraq qarşıdakı dövr üçün əsas prioritet istiqamətləri və fəaliyyət tədbirləri üzrə konkret tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR