Bank Of Baku

Azərbaycan yaxın 4 ildə dövlət investisiyalarını tədricən azaldacaq

Azərbaycan yaxın 4 ildə dövlət investisiyalarını tədricən azaldacaq
# 02 noyabr 2009 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yaxın 4 il ərzində Azərbaycanda dövlət investisiyalarının tədricən azalması gözlənilir. «APA-Economics»in məlumatına görə, bu tendensiya 2010-2013-cü illər üçün hazırlanmış Dövlət İnvestisiya Proqramının layihəsində əksini tapıb.

Belə ki, Proqramın əsas istiqamətlərinə görə, əgər 2010-cu ildə dövlət investisiyalarının həcmi 3 549 mln. manat həcmində nəzərdə tutulubsa, 2011-ci ildə bu göstəricinin 3 441,3 mln. manat, 2012-ci ildə 3 012,1 mln. manat, 2013-cü ildə isə 2 450,9 mln. manat təşkil edəcəyi gözlənilir.

Dövlət investisiyalarının əsas hissəsi infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Belə ki, 2010-cu ildə infrastruktur layihələrinin icrasına 2 554 mln. manat (ümumi həcmin 72%-i), 2011-ci ildə 2 201,4 mln. manat (64%), 2012-ci ildə 2 036,6 mln. manat (67,6%), 2013-cü ildə isə 1 746,1 mln. manat (71,2%) həcmində vəsaitlərin xərclənməsi proqnozlaşdırılır.

Öz növbəsində infrastruktur layihələri sırasında nəqliyyat sektoru üstünlük təşkil edəcək. Belə ki, 2010-cu ildə infrastruktur layihələrinin maliyyələşdirilməsinin strukturunda nəqliyyat layihələrinin xüsusi çəkisi 64%, 2011-ci ildə 52,7%, 2012-ci ildə 57,2%, 2013-cü ildə isə 49% təşkil edəcək.

Dövlət investisiyalarının digər iri istiqaməti sosial yönümlü layihələr olacaq. Belə ki, 2010-cu ildə bu layihələrin maliyyələşməsinə 584,3 mln. manat və ya ümumi həcmdən 16,5%, 2011-ci ildə 596,2 mln. manat və ya 17,3%, 2012-ci ildə 530,8 mln. manat və ya 17,6%, 2013-cü ildə isə 416,6 mln. manat və ya 17% yönəldiləcək.

Dövlət İnvestisiya Proqramı çərçivəsində maliyyələşdiricələk digər istiqamətlər sırasında penitensiar xidməti, müdafiə kompleksi və hüquq-mühafizə sistemi, inzibati obyektlərin tikintisi və əsaslı layihələri qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR